Motalayataq kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Motalayataq kəndində növbəti səyyar qəbul-görüş keçirtmişdir.
İcra başçısı bildirmişdir ki, ənənəmizə sadiq qalaraq bu il də yerlərdə sakinlərlə səyyar qəbullarımızı davam etdirəcəyik. Yaşayış məntəqələrimizin ümumi mənzərəsi bizə bəlli olsa da, bu görüşlərin əhalini narahat edən problemlərin operativ həlli üçün əhəmiyyəti böyükdür. Rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşən kəndlərimizə yanvar ayında gəlməyimiz möcüzə kimi görünə bilər. Amma unutmayaq ki, biz torpaqlarımızı düşməndən qısa müddətdə azad etməklə dünyanı təəccübləndirməyi bacaran, gündən-günə inkişaf edən güclü, qalib Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Son illər nümayəndəliyin ərazisində sosial problemlərin həlli istiqamətində mühüm işlər görülmüşdür. Müasir tipli məktəb binaları tikilmiş, internet xətti çəkilmiş, elektrik xət təsərüfatında təmir işləri aparılmış, ən nəhayət ötən il Anbuba kəndinə asfalt yol çəkilmişdir. Bundan əlavə qonşu Pəlikəş ərazi nümayəndəliyinin Dolu kəndindən Reqloba kəndinə yeni avtomobil yolu çəkilməklə hər iki nümayəndəliyi birləşdirən dairəvi yol alınmışdır. Deyə bilərik ki, kənddə ciddi bir problem qalmamışdır. 5-6 il əvvəl vətəndaşlar ancaq yol, işıq problemini önə çəkirdilərsə, indi ən ucqar yaşayış məntəqələırinə qaz xəttinin çəkilməsini istəyirlər. Güclü Azərbaycanımızın bugünkü uğurları bizə əsas verir deyək ki, qaz çəkilişi də yaxın gələcəkdə həllini tapacaqdır.
Əsas odur ki, uzun illər düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmişik. Vəhşi düşmən işğal dövründə bu torpaqların altını üstünə çevirərək talan etmişdi. Hazırda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda sürətli tikinti-bərpa işləri aparılmaqla ən böyük layihələrin icrası həyata keçirilir. Bütün bunlarla yanaşı cənab Prezidentin bu yaxınlarda minimum əmək haqqının, pensiya və müavinətlərin, maaşların artırılması üçün Sərəncam imzalaması öz vətəndaşlarına olan yüksək diqqət və qayğısıdır. Bu qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlığımızı bildirirəm.
Ölkəmizdə əmin-amanlıq, siyasi sabitlik, inkişaf olduğundan ən əhəmiyyətli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə üstünlük verilir. Ötən ilin noyabrında dünyanın 180 ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə ölkəmizdə yüksək səviyyədə keçirilən COP29 tədbiri buna misaldır. Belə qlobal əhəmiyyətli beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan inamın, etibarın bariz nümunəsidir.
Kənd sakinləri Azərbaycanın bugünkü inkişafı, dünyada tanınması ilə qürur duyduqlarını bildirmiş, sosial layihələrin icrası ilə rifahlarının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı Taxtanəkəran-Toradi avtomobil yoluna zolaqayırıcı xətlərin çəkilməsinə və kəndə qaz xəttinin çəkilməsinə, Anbuba kənd ibtidai məktəbindən kənd qəbiristanlığına qədər olan yolun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı müraciətlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün tədbirlərin müəyyənləşdiriləcəyini bildirmişdir.