Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ojakəran kəndində səyyar qəbul və görüş

19 noyabr 2024 | 16:18

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulu Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ojakəran kəndində keçirtmişdir. Rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən görüş sakinlər tərəfindən razılıqla qarşılanmışdır.

İcra başçısı bildirmişdir ki, yerlərdə əhali ilə görüşlərimiz mütəmadi olaraq keçirilir. Bunun da əhəmiyyəti böyükdür. Burada və nümayəndəliyin digər kəndlərində əvvəllər keçirtdiyimiz görüşlərdə tərəfinizdən qaldırılan məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür. Kijəbə-Ojakəran, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolları, həmçinin kənddəki ziyarətgahdan digər yaşayış məhəlləsinə gedən yolun bir hissəsi asfaltlaşdırılmış, qazlaşma aparılmış, Burzubənd kənd tam orta məktəbi və Ojakəran kənd həkim məntəqəsi üçün müasir tipli yeni binalar tikilmiş,  elektrik xətt təsərrüfatında vaxtaşırı təmir işləri aparılmış, indi isə qəsəbənin bütün kəndlərinin SİP kabelləşməsi planlaşdırılmışdır.   

Uzun müddət bizi narahat edən əsas məsələlərdən biri qəsəbənin əsasən sitrusçuluqla məşğul olan kəndlərinin suvarma suyu ilə təmin edilməsi idi. Gündən-günə artan təsərrüfatlar, xüsusən, salınan sitrus bağları alternativ su mənbələri ilə suvarılsalar da, əhali bu işdə çətinliklərlə üzləşirdi. Artıq bu məsələ də həllini tapmışdır. Bu kəndlərin suvarma suyuna olan ehtiyacını ödəmək üçün Lovayın su anbarından yeni suvarma xətti çəkilərək kəndin yuxarı tərəfində 500 kub metr tutumu olan su anbarı tikilmişdir ki, bu da təkcə Ojakəran kəndini deyil, ətraf bütün kəndləri də suvarma suyu ilə təmin edəcək.   

Bütün görülən işlərin cənab Prezidentin rəhbərliyi ilə həyata keçirildiyini vurğulayaraq bildirmişdir ki, böyük inkişaf və tərəqqi yolunda olan müstəqil Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi möhkəm təməl üzərində qurulmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin beynəlxalq miqyasda tanınması üçün əlindən gələni edir. Bu düzgün siyasətin nəticəsi idi ki, cəsur gənclərimiz Müzəffər Ali Baş Komandanın çağırışına səfərbər olaraq qısa müddətdə uzun illər işğalda olan torpaqlarımızı erməni quldurlarından azad etdilər. Xalqımız dəmir yumruq kimi Prezidentinin ətrafında birləşərək düşmənə sarsıdıcı zərbə endirməklə layiq olduğu yeri göstərdilər. Bu zəfərdən sonra Azərbaycan artıq bütün dünyada qalib ölkə, xalqımız qalib xalq kimi tanınır.

Hazırda azad edilən torpaqlarda sürətli tikinti-bərpa işləri aparılır. Azğın düşmən işğal dövründə şəhər və kəndləri xarabalığa çevirmiş, tamamilə talayaraq bütün infrastrukturu vəhşicəsinə dağıtmışdır. Bu işlərin böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq güclü iqtisadiyyata malik dövlətimiz bunun öhdəsindən məharətlə gəlir. Gündən-günə abadlaşan şəhər və kəndlərimizə artıq soydaşlarımızın qayıdışı başlanmışdır. Hər gün Qarabağa və Şərqi Zəngəzura yeni köç karvanlarının şahidi oluruq. Əlbəttə bu bizi hədsiz sevindirməklə, həm də qürurulandırır. Çox keçməz ki, biz yenidən yurdumuzun bu cənnət guşəsini tamamilə abad bir məkan kimi görəcəyik. Çünki biz qalib Prezidentimizin iradəsinə və xalqımızın gücünə hədsiz inanırıq.

Rayonda həyata keçirilən sosial layihələrin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər. Səmimi görüşə görə icra başçısına minnətdarlıq edən iştirakçılar kənddə sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpa olunmasına, elektrik xətt təsərrüfatının yenilənməsinə, məhəlləyə qaz xəttinin çəkilməsinə  köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinləri dinləyərək qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər