Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ovala kəndində səyyar qəbul və görüş

04 aprel 2023 | 14:50

Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Ovala kəndi dağlıq ərazidə yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti görüşü Ovala kəndində olmuşdur. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı ötən görüşdən sonra sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müəyyən işlərin görüldüyünü diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, kənd mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşdiyindən müəyyən çətinlikləri də vardır. Buna baxmayaraq, kəndin sakinləri zəhmətkeş, torpağa bağlı olduqları üçün gözəl təsərrüfatlar yaradaraq yaşayışlarını təmin edirlər. İşgüzarlığınız, zəhmətkeşliyiniz məni çox sevindirir. Bu günün əsas problemi yol məsələsidir. Əvvəlki görüşlərimizdə də qeyd etmişdim ki, kəndə daha əlverişli istiqamətdən Şağlazüzə-Şəmətük-Ovala-Sipiyəpart dairəvi avtomobil yolun çəkilməsi üçün təkliflərimizi vermişik. Yaxın gələcəkdə bu problem həllini tapacaqdır.  Bu gün də sizinlə görüşməkdə məqsədimiz problemlərlə yerində tanış olub, həllinə köməklik göstərməkdir. 

Kənd sakinləri çıxış edərək cənab Prezidentin məqsədyönlü siyasəti ilə ölkəmizin yüksək inkişafı, əldə edilən qələbədən və işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərindən iftixar duyduqlarını söyləmişlər. Rayonumuzda ayrı-ayrı sahələrdə qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər eləcə də icra başçısına rayonun ucqar kəndlərinə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı kəndə gələn avtomobil yolunun təmirinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, tibb məntəqəsinə həkimin təyin olunmasına, ünvanlı sosial yardımın verilməsinə, telefon xəttinin çəkilməsinə və internetin verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək bəzi məsələlərin həlli ilə əlaqədar tapşırıqlar vermiş, digərlərinin həlli istiqamətində tədbirlərin müəyyən ediləcəyini bildirmişdir.

Qeyd etmişdir ki, son illər rayonumuzda ucqar dağ kəndlərinin yollarının asfaltlaşdırılması ilə əhalinin rahat yaşayışı təmin olunmuşdur. Sakinlər rahatlıqla təsərrüfatlarında istehsal etdikləri məhsulları bazara çıxara bilirlər.  Bu kəndlərimiz olduqca səfalı olduğundan turizmin inkişafı üçün də çox əlverişlidir. Cənab Prezidentin sərəncamları ilə ayrılan vəsait hesabına kəndarası yollar asfaltlaşdırılandan sonra rayonumuza maraq xeyli artmış, turist axını güclənmişdir. Ona görə də turizm sahəsini genişləndirərək inkişaf etdirmək lazımdır.  

Astaralılar Vətənə bağlı, dövlətə və dövlətçiliyə sadiq insanlardır. Bunun Vətən müharibəsi günlərində bir daha şahidi olduq. Gənclərimiz könüllü olaraq Vətənin müdafiəsinə yollanmaq üçün növbəyə dayanmışdılar. Bu vətənpərvərliyi gənclərimizə aşılayan valideynlərə, müəllimlərə təşəkkürümü bildirirəm. Böyük Vətən sevgisi və birliyimizin nəticəsi idi ki, qısa müddətdə mənfur düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdik. Düşmənin vəhşicəsinə taladığı həmin ərazilərdə hazırda sürətli quruculuq, abadlıq işləri aparılır. İşğal dövründə dağıdılmış infrastrukturlar güclü iqtisadi dayaqlara malik dövlətimiz tərəfindən tamamilə yenidən qurulur.

Qələbəmizi hələ də həzm edə bilməyən erməni quldur dövləti və onların xarici himayədarları sakit dayanmayaraq indi də ölkəmizdə qarışıqlıq yaratmaq üçün min oyundan çıxırlar. Torpaqlarımızın uzun illər işğal altında olduğu vaxtlar maskalanaraq özlərini dost, qardaş kimi göstərən fars molla rejimi heç demə bu işğalın uzunmüddətli olmasının əsl səbəbkarlarından biri imiş. İstər müharibənin gedişində, istərsə də müharibədən sonra keçən müddət ərzində erməni quldurlarına hər cür yardım edən, silah verməkdən belə çəkinməyən bu xəstə rejim nümayəndələri indi ölkəmizə qarşı açıq təhdidlər edirlər. Amma unudurlar ki, Qalib Sərkərdə, Qalib Prezident ətrafında dəmir yumruq kimi birləşən xalqımızın birliyini heç bir qüvvə poza bilməz. Ona görə də biz hamılıqla ayıq-sayıq olmalı, cənab Prezidentin ətrafında daha sıx birləşərək ölkəmizdə mövcud olan əmin-amanlığı qorumalı, təxribatçıların ölkəmizə ayaq açmasının qarşısının alınması və ifşası üçün əlimizdən gələni etməliyik.

Keçidlər