Pəlikəş kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Pəlikəş kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı qeyd etmişdir ki, pandemiya səbəbindən müəyyən müddət görüşə bilmədik. Bu ilin mart ayından digər tədbirlərlə yanaşı səyyar qəbulların keçirilməsinə də başlanmışdır. Artıq bu nümayəndəliyin Şümrüd, Sım, Dolu, Şəvqo kəndlərində görüşlərimiz olub. Yaxın günlərdə Diqo kəndində görüşlərimiz olacaq.
Cənab Prezidentin Sərəncamı ilə təkcə son dörd ildə Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xeyli iş görülmüşdür. Düriyyə, Lomin, Şəvqo, Dolu kəndlərində yeni məktəb binası, Pəlikəşdə xəstəxana binası tikilib istifadəyə verilmişdir. Heç vaxt işığı və avtomobil yolu olmayan Şəvqo, Dolu, Sibiyyət, Diqo kəndlərinə elektrik xətti və avtomobil yolu çəkilmiş, Diqo kəndində yeni məktəb binasının inşasına başlanmışdır. Şümrüd kəndində təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş 18 ailə üçün inşa edilən yeni evlərin tikintisi başa çatmaq üzrədir. Pəlikəş-Şümrüd yolu genişləndirilmişdir. Şümrüd kənd tam orta məktəb üçün yeni binanın və Düriyyə-Şümrüd yolunun tikintisi də yaxın vaxtlarda həllini tapacaqdır. Son on ildə isə ərazidə daha böyük işlər görülübdür. Görülən quruculuq-abadlıq işlərinin nəticəsidir ki, bu səfalı dağ kəndlərimizə gələn turistlərin sayı ildən-ilə artır. Çünki burada gözəl təbiət, sərin sular, mənzərəli təbiət abidələri vardır. Turist axını yerli əhalinin yaşayışının yaxşılaşmasına da müsbət təsirini göstərəcək.
Sakinlər çıxış edərək rayonda aparılan quruculuq-abadlıq işlərindən razılıqla danışmış, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən sosial layihələrin əhəmiyyətindən danışmışlar. Yol infrastrukturunun yenidən qurulduğunu, müasir tipli yeni məktəb və xəstəxana binasının tikildiyini, elektrik xətt təsərrüfatında təmir işlərinin aparıldığını bildirərək, bu diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmişlər. Görüş iştirakçıları məhəllədə əlavə elektrik transformatorunun qoyulmasına, qəzalı vəziyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, Pəlikəş kənd tam orta məktəbində yaranmış çatların təmir edilməsinə, kəndə internetin verilməsinə, Deqadi-Pəlikəş avtomobil yolunda çökən yerlərin təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı müraciətlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar vermişdir. Bildirmişdir ki, sakinlərin, illər əvvəl bizi narahat edən dağ kəndlərinin böyük problemlərindən deyil, müasirliyin göstəricisi olan internet tələbini etməsi əslində böyük irəliləyişdən, inkişafdan xəbər verir. Vaxt var idi bu kəndlərə gəlmək üçün saatlarla vaxt sərf olunurdu. Yol yox idi, işıq fasilələrlə, saat hesabı verilirdi. Payız-qışda əhali ilə görüşmək mümkün deyildi. Pəlikəş və ətraf kəndlərə avtomobil yolu çəkilməsi ilə əhalini narahat edən ən böyük problem həllini tapmış, digər məsələlər də tədricən həll olunacaqdır. Müharibədən çıxmış dövlət olsaq da, iqtisadi gücümüz yerindədir. Ölkəmizin hər yerində, eyni zamanda rayonumuzda da tikinti-quruculuq işləri əvvəlki qaydada davam edir. Ən əsası Müzəffər Ali Baş Komandanın diplomatik səyləri və hərbi gücü ilə uzun illər bizi narahat edən Qarabağ məsələsi həllini tapmışdır. 44 günə düşməni ağır məğlubiyyətə düçar edən Müzəffər Ordumuz xalqımıza uzun illərin həsrətini unutdurub. İşğaldan azad edilən torpaqlarımızda Şanlı Bayrağımızın dalğalandığını gördükcə qürur hissi keçiririk. Azərbaycan xalqı dünyaya sübut etdi ki, biz yenilməz xalqıq. Sentyabrın 12-13-də dövlət sərhədimizdə yeni təxribatlar törədən mənfur düşmən bir daha yenilməz ordumuzun gücünü gördü. Mühüm strateji yüksəkliklərin yerləşdiyi böyük ərazilər ordumuzun nəzarətinə keçdi.
Hazırda işğaldan azad olunan torpaqlarda sürətli quruculuq bərpa işləri aparılır. Mənfur düşmənin xarabalığa çevirdiyi, hər qarışını minaladığı torpaqlar Prezidentimizin rəhbərliyi, dövlətimizin gücü ilə gülüstana dönür. Xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün həyata keçirilən bu tədbirlər sevindirici və ürəkaçandır.
Əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən bu işlərə görə ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalı, əməli fəaliyyətimizlə biz də bu işlərə töhfəmizi verməliyik.