Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Pəlikəş kəndində səyyar qəbul və görüş

07 iyul 2025 | 12:17

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirtmişdir.

İcra başçısı qeyd etmişdir ki, bu yaxınlarda nümayəndəliyin Sım və Lomin kəndlərində görüşlərimiz olmuşdur. Həmin görüşlərdə ərazinin ümumi problemlərindən agah olsaq da, Pəlikəş kəndinin sakinləri ilə də yerində görüşməyin ümumi işimizin xeyrinə olduğunu nəzərə alaraq gəlmişik. Çünki səyyar qəbullarda rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etdiyindən qaldırılan problemlərin operativ həlli üçün daha yaxşı imkan yaranır.

Yol boyu salınan obyektlərdə, istirahət məkanlarında çoxlu sayda  qonaqların olması ürəkaçan bir mənzərədir. Rayonumuza gələn turistlərin 90 faizi istirahət üçün bu əraziləri seçir. Çünki bu dağ kəndlərimizin gözəl təbiəti, saf havası, unikal mənzərəsi var. Əraziyə nə qədər çox qonaq gələrsə bunun həmin kəndlərin inkişafına, əhalinin dolanışığına böyük təsiri olacaqdır.

Təqribən on il əvvəl avtomobil yolu bərbad olduğu üçün bu yerlər ümumiyyətlə tanınmırdı. Bu ərazilər haqqında heç rayonumuzun sakinlərinin təsəvvürləri yox idi. Dolu, Diqo, Şəvqo, Avyarud, Sibiyyət kəndlərində isə nə yol, nə də işıq var idi. Cənab Prezidentin imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına Deqadi-Pəlikəş yolu əsaslı təmir edilərək asfaltlaşdırıldı. Yeni müasir tipli məktəb binaları tikildi. Digər yaşayış məntəqələrinə avtomobil yolları və bütün yaşayış məntəqələrinə internet xətti çəkilmişdir. Lovayın yarımstansiyasından Pəlikəş kəndinə gələn yüksək gərginlikli elektrik xəttinin yenilənməsi davam edir. İlin sonuna qədər daxili elektrik xəttləri də dəyişdiriləcək. İki il əvvəl Dürriyə və Şümrüd kəndlərinə də avtomobil yolu çəkildi. Hazırda Şümrüd kəndində 4 mərtəbəli məktəb binasının tikintisi aparılır. Keçən il Dolu kəndindən Reqloba kəndinə yeni yol çəkilməklə Pəlikəş və Hamoşam nümayəndəlikləri birləşmiş oldu. Bu yol həm də yaylaq ərazilərinə qədər uzandığından rayona gələn turistlər üçün həmin səfalı yerləri gəzmək imkanı yaranmışdır. Deqadi-Pəlikəş yolunun əsaslı təmiri ilə əlaqədar aidiyyəti qurumlarla söhbət aparılmış, ilin sonuna qədər bu iş həllini tapacaqdır.

Bütün bunlara görə ulu öndərimiz Heydər Əliyev siyasətini müvəffəqiyyətlə davam etdirən, ölkənin iqtisadi qüdrətini artırmaq üçün uğurlu strategiya həyata keçirən cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Biz bu gün bir xalq olaraq çox qürurluyuq. Çünki Müzəffər Ali Baş Komandanın və qəhrəman oğullarımızın şücaəti ilə torpaqlarımız düşmən tapdağından tamamilə azad edilib. Şanlı Bayrağımızın bütün suveren Azərbaycan ərazilərində əzəmətlə dalğalanması olduqca qürurvericidir. Bu günlərdə Xankəndidə böyük bir beynəlxalq tədbir olan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşünün keçirilməsi, bu mühüm tədbirdə qonşu ölkələrin prezidentləri və hökumət nümayəndələrinin iştirakı Azərbaycanın geo-siyasi çəkisini, həm də Xankəndi şəhərinin bizim üçün önəmini və nə qədər doğma bir məkan olduğunu göstərir.

Sakinlər müstəqil Azərbaycanın inkişafı, dünyada tanınması ilə qürur duyduqlarını bildirmiş, sosial layihələrin icrası ilə rifahlarının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Rayon mərkəzindən kilometrlərlə uzaqda, dağlıq bir ərazidə yerləşməsinə baxmayaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. Sakinlər kəndin yuxarı məhəlləsində elektrik transformatorunun gücünün zəif olduğunu, elektrik dirəkləri və naqillərinin dəyişdirilməsinə, asfalt yolunun davam etdirilərək 1 km məsafədə olan bələdiyyə binasına qədər olan yolun asfaltlaşdırılmasına, sərnişin mikroavtobusunun bələdiyyə binasına qədər gəlməsinə, Deqadi-Pəlikəş yolunun təmir edilməsinə, Lomin kəndində çay üzərində körpünün qoyulmasına, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə olan ağacların budanmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər