Pensər kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Pensər kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı vaxtaşırı olaraq keçirilən görüşlərin səmərəli olduğunu, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görüldüyünü qeyd etmişdir. Son illər kənddə xeyli abadlıq işlərinin aparıldığını bildirərək Pensər kənd 2 saylı tam orta məktəbin əsaslı təmirini, Pensər çayında sahilbərkitmə işlərinin, kənddə SİP kabelləşmənin aparılmasını, kənd ara yollarının təmirini misal göstərmişdir.
Çıxış edənlər ölkəmizin inkişafı, tərəqqisi və insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmiş, icra başçısının mütəmadi görüşlərini, söylənən problem və təkliflərə həssaslıqla yanaşaraq operativ həllinə tapşırıqlar verməsini böyük diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Sakinlər eyni zamanda şəhid ailəsinin evinə gedən yolun asfaltlaşdırılmasını, kənd daxili kanalların təmizlənməsi, mədəniyyət evi, körpələr evi-uşaq bağçasının və Pensər kənd 1 saylı tam orta məktəbin əsaslı təmirini xahiş etmişlər.
Vətəndaşların arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanımızın cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə durmadan inkişaf etdiyini, bütün sahələrdə uğurlar qazanıldığını bildirərək bu inkişafın gündən-günə yaxşılaşan həyatımızın hər sahəsində hiss olunduğunu vurğulamışdır. Qeyd etmişdir ki, rayonumuzda, o cümlədən Pensər kəndində də son illər xeyli iş görülmüşdür. Pensər kəndi tarixi və ziyalı kənddir. Yaxşı ənənələr bu gün də davam edir. Pensər kəndi nəinki Respublikamızda, dünyada tolerantlıq timsalı kimi tanınır. Burada hələ illər əvvəl ayrı-ayrı təriqətə mənsub insanların bir yerdə namaz qılması ilə birliyin, vəhdətin təməli qoyulmuş, indi də yüksək səviyyədə davam edir. Hesab edirəm ki, bu daimi olacaqdır.
Kənd məktəblərində təhsil alan gənclər vətənpərvər, yüksək savada, mənəvi dəyərlərə malik olmaları ilə fərqlənirlər. Məktəbin məzunlarının dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almasının qürurverici olduğunu qeyd edərək belə savadlı, intellektual gənclərin təlim-tərbiyəsində əməyi olan müəllimlərə, valideynlərə təşəkkürünü bildirmişdir. Bu kəndin gənclərinin birinci və ikinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşdüyünü, bir neçəsinin şəhidlik zirvəsinə ucaldığını, bəzilərinin qazi kimi qayıtdığını xüsusi vurğulamışdır. Onlar ən yüksək hörmət və ehtirama layiq gənclərimizdir. Biz böyük Zəfəri də məhz belə qəhrəman oğullarımızın sayəsində qazandıq. Onların göstərdikləri şücaət heç vaxt unudulmayacaq.
Hazırda Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin qurulması ilə separatçıların bütün silah-sursat təminatları kəsilib ki, bu da düşməndə böyük təşviş yaradıb. Ermənistanda iblis xislətini bir daha nümayiş etdirərək bayrağımızı yandıran millətçi ermənilər indi burada ucaldılan Şanlı Azərbaycan Bayrağının altından keçməyə məcburdurlar. Torpaqlarının üzərində suveren hüququnu bərpa edən Azərbaycan bununla erməni havadarlarına, terrorçulara dəstək olanlara bir daha göstərdi ki, torpaqlarının bir qarışını da kiməsə güzəştə getməyəcək.
İcra başçısı Pensər kəndində əkinə yararlı torpaqlardan tam istifadə edilməməsinin narahatlıq doğurduğunu, əkin aparmağın vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, torpaqlardan istifadə edilməyincə kol-kos basır, yararsızlaşır. Torpaqların əkilməsi üçün dövlət hər cür şərait yaradıb. Subsidiyalar və digər güzəştlər vardır. Torpaqlardan səmərəli istifadə etməklə həm məşğulluğunuz təmin olacaq, həm də ailə büdcəniz formalaşacaq. İnanıram ki, bütün işlərdə yüksək səviyyədə qabaqcıllıq göstərən Pensər kənd sakinləri bu işdə də bacarıqlarını nümayiş etdirəcəklər.