Qamışoba kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul və görüşü Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qamışoba kəndində keçirtmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, yerlərdə əhali ilə görüşlərimiz mütəmadi olaraq keçirilir. Qamışoba kəndində keçirtdiyimiz görüşlər zamanı verilən təkliflər və qaldırılan problemlərin həlli nəticəsində son illər xeyli iş görülmüşdür. Elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, qaz xətti çəkilmiş, yeni internet şəbəkəsi yaradılmışdır. Kənd dəniz sahilində yerləşdiyindən turizmin inkişafından ötrü əlverişli şəraitin olduğu nəzərə alınaraq böyük bir layihənin icrası həyata keçirilir. İstirahət mərkəzləri salınmış, otellər, iaşə obyektləri inşa edilmiş və yeniləri tikilməkdədir. Artıq bu ərazilərdə vətəndaşlarımız yavaş-yavaş öz bizneslərini qurur, kotec tipli evlər inşa edirlər. Biz bunun tərəfdarıyıq. Rayonumuzda turizmin inkişafı digər sahələrin inkişafına da təkan verəcəkdir. Qamışoba-Pensər və Şahağac-Pensər avtomobil yolunun əsaslı təmiri layihəyə salınmış, bu da yaxın gələcəkdə həllini tapacaqdır.
Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan inkişafın, yaradılmış sabitliyin nəticəsidir. Son iyirmi ildə Azərbaycan misli görünməmiş bir inkişaf yolu keçmişdir. Güclü iqtisadiyyata malik ölkəmiz məqsədyönlü siyasəti ilə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrilmişdir.
İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında qazandığımız misilsiz qələbədən danışmış, işğaldan azad edilmiş torpaqlarda aparılan sürətli bərpa və quruculuq işləri, eyni zamanda xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezidentin atdığı qətiyyətli addımlar barədə geniş məlumat vermişdir.
İcra başçısı qeyd etmişdir ki, 30 illik işğala son qoyaraq torpaqlarını təkbaşına azad edən müstəqil dövlətimizin bu uğurunu, inkişafını həzm edə bilməyən bir qrup dövlətlər də vardır ki, daim təxribatlar aparır, davamlı sülhün bərqərar olmasına maneçilik törədirlər. Buna baxmayaraq ötən ay Azərbaycanda iqlim dəyişikliyinə həsr olunmuş böyük bir beynəlxalq tədbir keçirildi. Bu dünyanın 200-ə qədər dövlətindən gəlmiş 80 minə qədər nümayəndənin iştirakı ilə yüksək səviyyədə keçirilən COP29 tədbiri idi ki, bütün iştirakçılar Azərbaycanımızdan və yüksək təşkilatçılıqdan xoş təəssüratlarla ayrıldılar.
Görüş iştirakçıları ölkədə, o cümlədən, rayonda xüsusən də, Qamışobada görülən abadlıq və quruculuq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Sakinlər elektrik xətt təsərrüfatının yenilənməsi və SİP kabelləşməsinin sürətləndirilməsinə, Qamışoba-Pensər avtomobil yolunda yaranmış çalaların təmir edilməsinə və suötürücü kanalın lildən təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı səmimi görüşə görə minnətdarlıq etmiş, söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir