Qamışoba kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qamışoba kəndində keçirdiyi növbəti səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, yerlərdə əhali ilə görüşlərimiz artıq bir ənənəyə çevrilib. Bu görüşlərin böyük əhəmiyyəti var. Çünki vətəndaşlar rayon mərkəzinə gəlmədən, öz arzu və istəklərini, ərazidə olan problemləri rahatlıqla dilə gətirir və səmərəli həllini görürlər. Burada keçirdiyimiz görüşlər zamanı verilən təkliflər və qaldırılan problemlərin həlli nəticəsində son illər kənddə və bütövlükdə nümayəndəliyin ərazisində xeyli iş görülmüşdür. Elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, qaz xətti çəkilmiş, yeni internet şəbəkəsi yaradılmışdır. İndi əsas problem kəndə içməli suyun verilməsidir. Bir neçə il əvvəl biz Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttindən kəndin bir neçə məhəlləsinə su çəkməklə bu problemin qismən həllinə nail olmuşduq. Amma bu il Qamışoba və Bala Şahağac kəndində yaşayan hər bir abonentin evinə içməli suyun çəkilməsi təmin olunacaqdır.
İkinci məsələ isə Qamışoba-Pensər və Şahağac-Pensər-Çayoba avtomobil yolunun əsaslı təmiridir ki, bu da layihələndirilmiş, güman edirik ki, il ərzində həllini tapacaqdır.
Kənd dəniz sahilində yerləşdiyindən turizmin inkişafından ötrü əlverişli şəraitin olduğu nəzərə alınaraq burada böyük bir turizm infrastrukturu yaradılmışdır. Müasir istirahət mərkəzləri salınmış, otellər, iaşə obyektləri inşa edilmiş və yeniləri tikilməkdədir. Gələcəkdə bu layihə daha da genişləndiriləcək. Bir neçə il əvvəl bura baxımsız bir ərazi kimi görünürdü. Ağacların kölgəsində keçirdiyimiz səyyar qəbulları indi belə bir gözəl konfrans zalında keçiririk. Ərazi daim qonaqlı, qaralıdır. Neçə-neçə kənd sakini işlə təmin olunub.
Turizmin inkişafı burada digər sahələrin inkişafına da təkan verəcəkdir. Artıq bu ərazilərdə vətəndaşlarımız öz bizneslərini qurur, qonaq qəbul etmək üçün kotec tipli evlər inşa edirlər.
Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan inkişafın, yaradılmış sabitliyin nəticəsidir. Son iyirmi ildə Azərbaycan misli görünməmiş bir inkişaf yolu keçmişdir. İqtisadiyyatını gücləndirməklə, məqsədyönlü siyasət yürütməklə ölkəmiz dünya dövlətlərinin diqqətini cəlb etmiş, etibarlı tərəfdaşa çevrilmişdir.
İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında qazandığımız misilsiz qələbədən danışmış, işğaldan azad edilmiş torpaqlarda aparılan sürətli bərpa və quruculuq işləri, eyni zamanda xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezidentin atdığı qətiyyətli addımlar barədə iştirakçıları məlumatlandırmışdır.
Görüş iştirakçıları ölkədə, o cümlədən, rayonda və Qamışobada görülən abadlıq və quruculuq işlərinə görə cənab Prezident möhtərəm İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Sakinlər kənddə fərdi yaşayış evlərinə içməli su xəttinin çəkilməsinə, elektrik xətt təsərrüfatının SİP kabelləşməsinə, ərazidə heyvan kəsim məntəqəsinin açılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı səmimi görüşə görə minnətdarlıq etmiş, söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.







