Qapıçıməhəllə kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qapıçıməhəllə kəndində keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı qeyd etmişdir ki, keçirdiyimiz görüşlər həmişə səmərəli olub. Təklifləriniz əsasında Qapıçıməhəllə kəndində və ümumiyyətlə, Suparibağ nümayəndəliyinin digər kəndlərində son illər xeyli iş görülmüşdür. Səyyar qəbullarda qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olmuşuq. Yollar asfaltlaşdırılmış, yeni məktəb binaları tikilmiş, sürətli internet şəbəkəsi yaradılmış, yüksək gərginlikli elektrik xətləri yenilənmiş, Astaraçayda sahilbərkitmə və məcratəmizləmə işləri aparılmışdır. Daxili elektrik xətlərinin də tamamilə dəyişdirilməsi işinə başlanılacaqdır. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu bu kəndlə yanaşı qonşu kəndlərin də inkişafında böyük əhəmiyyət kəsb edir. Bununla kəndin əsas problemləri həllini tapmışdır. Görülən işlərin hamısı cənab Prezidentin ayırdığı vəsaitlər hesabına həyata keçirilmişdir.
Dünyanın bir sıra regionlarında narahatlıqlar yaşandığı halda ölkəmiz cənab Prezidentin məqsədyönlü siyasəti sayəsində ildən-ilə daha da güclənir, inkişaf edir. Dövlətimiz öz gücünü, xalqımız birliyini 44 günlük Vətən müharibəsi savaşında bir daha dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycanımızın suverenliyi bərpa olundu. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri aparılır. Mənfur düşmənin tamamilə dağıdaraq taladığı doğma torpaqlarda şəhər və kəndlərimiz bərpa olunur.
Rayonumuz da ölkədə gedən inkişafdan geri qalmır. Həyata keçirilən sosial layihələrlə vətəndaşlarımızın güzəranı günü-gündən yaxşılaşır. Qapıçıməhəllə kəndində rayonumuz üçün ilk olan balıqçılıq təsərrüfatı yaradılmışdır. Bir neçə nəfər burada çalışaraq məşğulluğunu təmin edir. Gələcəkdə balıqçılıq və akvakultura təsərrüfatının daha da genişləndirilməsi və balıq konserv zavodunun tikintisi nəzərdə tutulmuşdur. Bu layihə reallaşandan sonra 80 nəfərdən çox burada işlə təmin olunacaq.
Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirir. Biz Azərbaycanımızın bugünkündən güclü olması üçün həmişə olduğundan daha çox ölkə rəhbərinə dəstək olmalı, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.
Kənd sakinləri çıxış edərək rayonumuzda və nümayəndəliyin ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər kənd ara yollarında yaranmış çalaların təmir edilməsinə, əkin sahəsinə gedən yolun hamarlanmasına, körpünün alt hissəsində yolun asfaltlaşdırılmasına, elektrik xətt təsərrüfatının yenilənməsinə, Qapıçıməhəllə kənd ümumi orta məktəbinin istilik sistemində olan problemin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonun xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.







