Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.
20 may 2025-ci il tarixdə Astara Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir. Konfransda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Respublika Ağsaqqallar Şurası sədrinin müavini Abel Məhərrəmov, aparat rəhbəri Ramin Həsənli, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərində fəaliyyət göstərən Ağsaqqallar Şurasının sədrləri və fəal üzvləri iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başlanan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi yad edilmişdir.
İcra başçısı Qəzənfər Ağayev rayon ağsaqqallarını konfrans münasibəti ilə təbrik edərək bu görüşdən məmnunluğunu bildirmiş, fəaliyyəti dövründə ağsaqqalların dəyərli məsləhətlərinə həmişə xüsusi önəm verdiyini qeyd etmişdir. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren Azərbaycanın qazandığı nailiyyətlər barədə iştirakçıları məlumatlandırmışdır. Bu uğurların qazanılmasında yaşlı nəslin nümayəndələrinin ön sırada olmasını, gənclərimizi dövlətçilik, Vətənə məhəbbət ruhunda tərbiyə edərək istiqamətləndirmələrini yüksək dəyərləndirmiş, bu istiqamətdə davamlı fəaliyyət göstərməyi arzulamışdır. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində ağsaqqallarla gənclərin görüşlərinin keçirilməsinin müsbət nəticələrindən danışaraq bu görüşlərdə xalqımızın milli mentaliteti, adət-ənənələri, ailə dəyərlərinin önə çəkilməsi, erkən nigahların fəsadları, narkotikdən istifadə və digər zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə vurduğu ziyandan söhbət açılmasının vacibliyini qeyd etmişdir.
Bildirmişdir ki, daim diqqətimizdə olan ağsaqqallarımızla həmişə olduğu kimi bundan sonra da əl-ələ verərək ölkəmizin inkişafı, eyni zamanda rayonumuzun daha da abadlaşması üçün birgə səmərəli fəaliyyət göstərəcək, bütün məqsədlərimizə nail olacağıq.
Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov konfransda hesabat məruzəsini təqdim etmişdir.
Astara şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Heybət Hüseynov, Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Şiyəkəran kənd Ağsaqqallar Şurasının sədri Təyyar Heydərov, Suparibağ kənd Ağsaqqallar Şurasının sədri Cahangir Əliyev, Asxanakəran kənd Ağsaqqallar şurasının sədri Ramiz Gənciyev və başqaları konfransda çıxış etmişlər.
Respublika Ağsaqqallar Şurası sədrinin müavini, “Əməkdar Elm Xadimi”, akademik Abel Məhərrəmov çıxışında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, parçalanaraq dağılmaq həddində olan bir ölkəni inkişaf etdirərək müasir, hüquqi, demokratik, dünyəvi bir dövlətə çevirməsindən danışmış, həmçinin, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan bəhs etmişdir.