Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev boks üzrə Avropa çempionu Bilalhəbəşi Nəzərovu qəbul etmişdir
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Gənclər arasında boks üzrə ikiqat Avropa çempionu, dünya ikincisi, Çexiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Bilalhəbəşi Nəzərovla görüşmüşdür. Görüşdə çempionun məşqçisi Ayaz Baxşıyev, Astara Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Cəbrayıl Məmmədov da iştirak etmişdir.
Nəzərov Bilalhəbəşi Ramil oğlu 2007-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kursunda təhsil alır. Kiçik yaşlarından idmanın boks növü ilə məşğuldur. Dəfələrlə boks üzrə yeniyetmələr və gənclər arasında Respublika birinciliyinin və beynəlxalq yarışların qalibi olmuşdur. Bilalhəbəşi Nəzərov 29 sentyabr-09 oktyabr 2025-ci il tarixlərində Çexiyada keçirilən gənclər arasında boks üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdır.
Bu yüksək nailiyyətinə görə Bilalhəbəşi Nəzərovu təbrik edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev gənclərin hərtərəfli inkişafına, vətənpərvər, fiziki sağlam, bilikli, bacarıqlı yetişməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, elm, incəsənət və idman sahəsində gənclərimizin uğurları gündən-günə artır. Onların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi bizi hədsiz sevindirir və qürurlandırır. Sən də qələbələrinlə beynəlxalq idman arenalarında Azərbaycan Bayrağını yüksəklərə qaldıran, Himnini səsləndirən qürur duyduğumuz gənclərdən birisən. Bu yaşda belə yüksək uğura imza atmağın gənclərimiz üçün böyük stimuldur. Qarşıda daha böyük nailiyyətlərinin olacağına şübhə etmirəm. İnanıram ki, bundan sonra da fədakarlıqla çalışacaq, daha böyük uğurlara imza atacaqsan.
İcra başçısı Bilalhəbəşi Nəzərovu bir daha təbrik etmiş, ona gələcək yarışlarda uğurlar diləmiş, mükafatlandıraraq Fəxri Fərmanla təltif etmişdir.
Gənc boksçu yüksək diqqət və qayğıya görə icra başçısına minnətdarlıq etmiş, bundan sonra da müntəzəm məşqlərlə üzərində daha çox çalışacağını, beynəlxalq boks yarışlarında uğurla çıxış edərək Azərbaycan Bayrağını daim yüksəklərə qaldırmaq üçün əlindən gələni edəcəyini bildirmişdir.
Məşqçi Ayaz Baxşıyev də icra başçısına minnətdarlıq etmişdir. O, yetirməsinin çevik, çalışqan, tapşırıqların icrasına maksimum səy göstərən bir gənc olduğunu, gələcəyinə inandığını və böyük ümidlər bəslədiyini bildirmişdir.







