Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Qarabağ müharibəsi qazisinin evində olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kənd sakini, Vətən Müharibəsinin qazisi Samir Əliyevlə evində görüşmüş, sağlamlığı və qayğıları ilə maraqlanmışdır.
Əliyev Samir Daşqın oğlu 1989-cu ildə rayonun Suparibağ kəndində anadan olmuşdur. Ailəlidir, bir övladı var. 2019-cu ildən müddətdən artıq hərbi xidmətçi kimi Azərbaycan Ordusunda xidmət etmişdir.
Cənab Ali Baş Komandanın əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması və Ermənistanın təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatına ilk qatılanlar sırasında döyüşlərə atılmış, yaşayış məntəqələrimizin işğaldan azad edilməsində qəhrəmanlıqla döyüşərək ağır yaralanmışdır. Samir Əliyev müəyyən müddət Azərbaycanda müalicə olunduqdan sonra YAŞAT Fondunun dəstəyi ilə Türkiyə Respublikasına müalicəyə göndərilmişdir.
Vətən Müharibəsi qazisi Samir Əliyev cənab Prezidentin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
İcra başçısı Türkiyədən uzunmüddətli müalicədən yenicə qayıtmış Samir Əliyevə evində baş çəkmiş, qayğıları və sağlamlığı ilə maraqlanmışdır. Qeyd etmişdir ki, xalqımıza qələbə sevincini bəxş edən qəhrəman şəhidlərimiz və qazilər Azərbaycan xalqının ən cəsur, mərd övladlarıdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə sarsılmaz zərbələr endirməklə 44 günə onları ağır məğlubiyyətə uğratdı. Bu tarixi qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu zəfər rəhbərlə xalqın birliyi, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, əzmi, iradəsi və Ali Baş Komandana böyük inamı nəticəsində qazanıldı.
Fəxr edə bilərsən ki, sən də düşmənin uzun illər ərzində qurduğu müdafiə səddini yaran ilk döyüş əməliyyatının iştirakçılarından biri olmusan. Sənin və digər qəhrəman oğullarımızın müharibədə göstərdiyi igidliklər heç vaxt unudulmayacaq.
Qəhrəman döyüşçü Samir Əliyev keçdiyi döyüş yolundan, yaralanmasından, qızğın döyüşlər gedərkən həkimlərimizin onu həyatda saxlaması üçün fədakarlıqlarından danışmışdır. Qeyd etmişdir ki, Füzuli şəhəri və yaşayış məntəqələrinin azad edilməsində qızğın döyüşlərdə iştirak etmiş, Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. İlkin tibbi yardımdan sonra 2021-ci ilin mart ayınadək Bakı şəhərində müalicə almışdır. Həkimlərin məsləhətinə əsasən müalicəsini davam etdirməkdən ötrü həmin tarixdən YAŞAT Fondunun xətti ilə Türkiyə Respublikasına göndərilmişdir. Müvəqqəti Vətənə dönən Samir yaxın günlərdə müalicəsini davam etdirmək üçün yenidən Türkiyəyə qayıdacağını bildirmişdir.
Sağlamlığından qətiyyən narahat olmayan Samir torpaqlarımızın mənfur düşməndən azad edilməsində əməyi olduğuna hədsiz sevindiyini, misilsiz qələbənin memarı Müzəffər Ali Baş Komandanla qürur duyduğunu bildirmişdir. Müharibə iştirakçılarına olan yüksək dövlət qayğısından razılıqla danışaraq müalicəsinə göstərdiyi köməkliyə görə cənab Prezident İlham Əliyevə minnətdarlıq etmişdir.
Samir Əliyevin atası Daşqın kişi qazi və şəhid ailələrinə olan yüksək diqqətə, həmçinin övladının uzun müddətli müalicəsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edərək oğlunu ziyarətə görə icra başçısından razılıq etmişdir. Oğlu ilə fəxr etdiyini, torpaqlarımızın mənfur düşməndən azad edilməsində iştirakından qürur duyduğunu bildirmiş, Vətənin müdafiəsinin hər bir oğulun müqəddəs vəzifəsi olduğunu söyləmişdir.
İcra başçısı Qəzənfər Ağayev Daşqın Əliyevə Vətən üçün ləyaqətli, vətənpərvər övlad böyütdüyünə görə minnətdarlıq etmiş, igid döyüşçü Samirə tezliklə sağlamlığına qovuşmağı arzulamışdır.