Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni salınan intensiv sitrus bağında olmuşdur
Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası çərçivəsində rayonda son illər fərdi təsərrüfatlardan başqa təkcə fermer və sahibkarlar tərəfindən yeni innovativ üsulların tətbiqi ilə 200 hektardan artıq intensiv subtropik və sitrus meyvə bağları salınmış, ümumi sahəsi 4500 hektara çatdırılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev belə təsərrüfatlardan biri olan “AS-AQRO” MMC-nin Şahağac kəndi ərazisində yeni saldığı intensiv sitrus meyvə bağında olmuşdur.
İcra başçısına məlumat verilmişdir ki, ümumi sahəsi 25 hektar olan sitrus meyvə bağının salınmasına bu ilin mart ayından başlanmışdır. Türkiyəli mütəxəssisin rəhbərliyi ilə torpaq əkin üçün tam hazır vəziyyətə gətirilmiş, ən yeni üsullarla tinglərin əkilməsinə başlanılmışdır. Sitrus bağında hər hektarda 650 ədəd olmaqla ümumilikdə 16 mindən çox Türkiyədən gətirilmiş “Okidsu” və “Mihovaze” sortu olan naringi tingləri əkilir. Hazırkı iş prosesində təsərrüfatda gündəlik 60 nəfərdən çox fəhlə çalışır. Əkin başa çatandan sonra sitrus bağında müasir suvarma sistemlərinin qurulmasına başlanacaqdır.
İcra başçısı təsərrüfatda görülən işlərlə tanış olmuş, yeni yaradılan təsərrüfatların ölkədə məhsul bolluğunun yaradılması və əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətini vurğulayaraq sahibkarın əməyini yüksək qiymətləndirmişdir.
Qeyd etmişdir ki, ölkə Prezidentinin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Astara rayonu üçün xarakterik olan subtropik və sitrus meyvə bağlarının sahəsi son illər xeyli genişləndirilmiş, yeni bağlar salınmışdır. Sitrusçuluğun inkişaf etdirilməsinə təsir edən əsas amillərdən biri də fermer və sahibkarlara güzəştli qaydalarla gübrələrin verilməsi, yeni subsidiya mexanizminin tətbiq edilməsidir. Qaydalara əsasən növündən asılı olaraq salınacaq yeni intensiv sitrus bağlarının hər hektarı üçün 9-11 min manat birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulmuşdur ki, bu da bir daha dövlətin hər zaman vətəndaşının yanında olduğunun bariz nümunəsidir.
Əhali arasında yeni subsidiya qaydaları təbliğ edilməli, yeni innovativ üsullarla salınmış bağların məhsuldarlığı və digər üstün cəhətləri izah edilməli və əyani göstərilməlidir.
İcra başçısı sahibkarın problemləri ilə maraqlanmış, tövsiyələrini vermişdir.