Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ağsaqqallarla görüşü
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayon ağsaqqalları ilə görüşü olmuşdur. İcra başçısı ağsaqqalları salamlayaraq, dəvəti qəbul edib görüşə gəldiklərinə görə minnətdarlıq etmişdir. Qeyd etmişdir ki, Azərbaycan dövləti yüksək inkişaf etdiyi kimi ayrı-ayrı bölgələri, o cümlədən, Astara rayonu da görülən tikinti-quruculuq işləri sayəsində simasını xeyli dəyişmiş, abad bir məkana çevrilmişdir. Rayonumuzun gələcəkdə daha da inkişaf edib respublikamızın ən səliqəli guşələrindən birinə çevrilməsi üçün əlimizdən gələni etməliyik. Bu işdə bütün rayon sakinləri birgə əmək sərf etməlidir. Sizinlə səyyar görüşlər və digər tədbirlərdə görüşdüyümüzə baxmayaraq ayrılıqda görüşüb arzu, istəklərinizi, təkliflərinizi dinləmək məqsədilə bu gün növbəti dəfə bir araya gəlmişik.
İcra başçısı Qəzənfər Ağayev bütün bu inkişaf və tərəqqinin təminatçısının Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident möhtərəm cənab İlham Əliyev olduğunu diqqətə çatdıraraq bu işlərdə hər zaman ölkə rəhbərinə dəstək olmağın, birlik nümayiş etdirməyin vacibliyini bildirmişdir. Qeyd etmişdir ki, cənab Prezident İlham Əliyev Astaraya dəfələrlə səfər etmiş, bu tarixi səfərlər zamanı imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüş, yüzlərlə yeni iş yerləri açılmışdır. Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatı üçün inzibati bina, Elektrik və Qaz Kompressor Stansiyaları, Olimpiya İdman Kompleksi və Boks Mərkəzi, sərhədçilər üçün, evləri təbii fəlakət və fiziki köhnəlmədən qəzalı vəziyyətə düşmüş sakinlər üçün çoxmənzilli yaşayış binaları tikilərək istifadəyə verilmiş, Mərkəzi Xəstəxana əsaslı təmir edilərək ən yeni invertar və avadanlıqlarla təchiz edilmiş, Ərçivan kəndinə qəsəbə statusu verilmişdir. Xəzər dənizi sahilində ən müasir dizaynda Park-bulvar kompleksi salınmış, şəhərə içməli su xətti çəkilmişdir. Astara şəhərinin prospekt və küçələri yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilmiş, çoxmənzilli ictimai yaşayış binaları əsaslı təmir edilərək istifadəyə verilmişdir. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Artupa-Səncərədi-İstisu, Siyaku-Rinə, Deqadi-Pəlikəş, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi, Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran, Kijəbə-Maşxan, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolları, ümumilikdə 150 km avtomobil yolu asfaltlaşdırılmış, bir neçə körpü salınmışdır. 40-dan çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. Mövcud olduğu dövrdə işığı və yolu olmayan Sekəşan, Dolu, Diqo, Şəvqo, Sibiyyət, Avyarud kəndlərinə avtomobil yolu və elektrik xətti çəkilərək istifadəyə verilmiş, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində digər tədbirlər həyata keçirilmişdir.
Rayonun 52 yaşayış məntəqəsi qazlaşdırılmış, bu da 86 % təşkil edir. Elektrik xətt təsərrüfatında təmir işləri aparılaraq əhaliyə fasiləsiz enerjinin verilməsi təmin edilmişdir.
Son illər rayonda özəl sektorun inkişafına xüxusi diqqət yetirilmişdir. Astara şəhərində ilk çoxmərtəbəli ictimai yaşayış binası, “Astaraçay” MMC-nin çay fabriki, müasir hotel və restoranlar, ticarət obyektləri inşa edilmiş, müxtəlif turizm və istirahət zonaları yaradılmışdır. Ümumilikdə özəl sektora 100 milyon manata yaxın investisiya qoyulmuşdur.
Dövlət başçımızın diqqət və qayğısının nəticəsidir ki, bu gün rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir, insanların rahat yaşayışının təmin edilməsi üçün sosial infrastrukturlar qurulur.
Cənab Prezident İlham Əliyevin Sərəncamları ilə ayrılan vəsait hesabına hazırda illərdir hamımızı narahat edən 26 kilometrlik Çayoba-Astara magistral avtomobil yolunun asfaltlaşdırılmasına başlanılmış, yolu olmayan Dürriyə və Şümrüd kəndlərinə yeni avtomobil yolunun çəkilməsi başa çatmaq üzrədir. Dolu kəndindən Reqluba və Hamoşam kəndlərinə dairəvi yolun əhəmiyyəti nəzərə alınaraq hazırda burada da işlərə başlanmışdır. Əhalinin məşğulluğunun təmin edilməsinə diqqət artırılmış, görülən tikinti-quruculuq işləri, aqrar sahənin inkişafı ilə əlaqədar rayonda yüzlərlə iş yeri açılmış, əhalinin dayanıqlı elektrik enerjisi və təbii qazla təminatı həllini tapmışdır.
İcra başçısı kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməli tədbirlərin görüldüyünü, əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər artıq bəhrəsini verir.
Lənkəran şəhərində keçirtdiyi zona müşavirəsindən sonra cənab Prezident İlham Əliyevin imzaladığı çayçılığın, çəltikçiliyin, sitrusçuluğun inkişafına dair sərəncamları rayonda yeni innovativ üsullarla sitrus və subtropik meyvə bağlarının salınmasına marağı xeyli artırmış, sitrus meyvə bağlarının sahəsi genişləndirilərək 4500 hektara çatdırılmışdır.
Son illər kənd təsərrüfatının ən rentabelli sahələrindən biri olan çəltik əkini aparılan maarifləndirmə izahat işləri və göstərilən dəstək sayəsində 40 hektardan 240 hektara çatdırılmışdır. Əvvəllər kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində yüksək nailiyyətlər qazanmış, bu sahədə zəngin təcrübəsi olan şəxslərin dəyərli məsləhətlərinə həmişə ehtiyac olduğunu diqqətə çatdırmışdır.
Dənizkənarı park-bulvarın salınması, gözəl və saf təbiətə malik dağ kəndlərinə asfalt yolların çəkilməsi ilə rayonumuzda turizmin inkişafı üçün geniş imkanlar yaranmışdır. Görülən abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, yeni müasir turizm obyektlərinin inşa edilməsinin nəticəsidir ki, hər il 10 minlərlə turist rayonumuza səfər edir.
Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilən 2023-cü ölkəmiz və xalqımız üçün ən uğurlu illərdən biri olmuşdur. İlin ən əlamətdar hadisəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni terrorçularına qarşı 19 sentyabr tarixində keçirilən antiterror tədbirləri oldu. 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətdən nəticə çıxarmayan, erməni revanşistlərini igid oğullarımız cəmi bir sutka ərzində darmadağın edərək diz çökdürdülər. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi bərpa edildi. Torpaqlarımızın düşməndən azad edilməsində rayonumuzun igid oğulları xüsusi şücaət göstərərək canları və qanları bahasına qəhrəmanlıq dastanları yazmışlar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də, Şanlı Bayrağımızı Xocalıda, Xocavənddə, Ağdərədə, Sərsəngdə, Xankəndidə qaldırması, Qalib Sərkərdə kimi 8 noyabr Zəfər günündə Xankəndi şəhərində hərbi paradı qəbul etməsi ən unudulmaz, ən sevincli bir tarix kimi xalqımızın yaddaşında əbədi qalacaq. Qalib dövlətin vətəndaşı, qalib xalqın nümayəndəsi olmağımızla fəxr edirik.
“Heydər Əliyev İli”ndə Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar rayonumuzda da müxtəlif məzmunda silsilə tədbirlər keçirilmişdir.
Ötən ilin 22-23 aprel tarixlərində rayonumuzda dünyanın bir neçə ölkəsindən, o cümlədən, Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapurdan və Respublikamızdan olan məşhur tibb alimləri və həkimlərin iştirakı ilə Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilmişdir. Konqresdə dünyanın ayrı-ayrı ölkələrindən 60 nəfərdən çox xarici məruzəçi, eyni zamanda Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətlərinin rəsmiləri, bölgələrdə fəaliyyət göstərən tibb müəssisəslərində çalışan tibb heyəti və digər qonaqlar iştirak etmişlər.
May ayının 20-də “Heydər Əliyev İli” çərçivəsində Astarada yüksək səviyyədə təşkil olunaraq keçirilən Təhsil Festivalında Təhsil Naziri, Gənclər və İdman Naziri, Milli Məclisin deputatları, Respublikanın ali təhsil müəssisələrinin, orta ixtisas, peşə təhsil müəssisələrinin rəhbərləri, müəllim heyəti, tələbələr, ümumtəhsil məktəblərin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri, ümumilikdə 15 min nəfərə yaxın vətəndaş iştirak etmişdir.
20-21 may 2023-cü il tarixlərində dünyada ilk dəfə keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarının bir mərhələsi Astarada keçirilmişdir. Yarışda Almaniya, Çin, Polşa, Rumıniya, Macarıstan, Çexiya, Misir, Ukrayna, Avstriya və Azərbaycan 3x3 qadın yığma komandaları, ümumilikdə 10 ölkənin 12 komandası mübarizə aparmışdır.
Möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərnbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Noyabr ayında keçiriləcək COP29 beynəlxalq tədbirində dünyanın bütün ölkələrindən on minlərlə xarici nümayəndə ölkəmizə gələcək. Bakı iki həftə ərzində demək olar ki, dünyanın mərkəzi olacaq.
İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan icra başçısı qeyd etmişdir ki, bizim borcumuz ölkə rəhbərinin ətrafında sıx birləşərək doğma Vətənimizin daha da inkişaf edərək çiçəklənməsinə öz xidmətimizi göstərməkdən ibarətdir. Bu yolda hamınıza uğurlar arzu edirəm.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, ağsaqqallar Azər Abdullayev, Əvəz Cümşüdov, Əlikişi Əliyev, Ramiz Gənciyev, Qadir Məmmədov, Zahirəddin Məmmədov və başqaları çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin dünyada tanınması istiqamətində həyata keçirtdiyi məqsədyönlü siyasətdən, müstəqil respublikamızı yüksək inkişaf yoluna çıxarmasından məmnun olduqlarını bildirmiş, uzun illər düşmən tapdağında olan torpaqlarımızı azad etməklə xalqımıza qələbə sevincini yaşadaraq dünyaya qalib xalq kimi tanıtmasından qürur duyduqlarını söyləmişlər. Qeyd olunmuşdur ki, şəhər, qəsəbə və kəndlərdə çoxsaylı tikinti-quruculuq, abadlıq işləri görülmüş, və bu işlər yüksək vüsətlə davam etməkdədir.
Möhtərəm Prezidentimizin rayonumuzla bağlı imzaladığı Sərəncamları ölkə başçısının Astara və astaralılara göstərdiyi diqqət və qayğının parlaq sübutu kimi dəyərləndirən görüş iştirakçıları bütün bunlara görə rayon ictimaiyyəti adından möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
İcra başçısı Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş rayon ağsaqqalları Qadir Məmmədova, Firudin Quliyevə və Cahangir Əliyevə medalları təqdim etmişdir.
Tədbir iştirakçıları eyni zamanda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevi də “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunduğuna görə təbrik etmişlər.
Sonda xatirə şəkli çəkilmişdir.