Reqloba kəndində səyyar qəbul və görüş
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ucqar dağ kəndlərindən olan Reqloba kəndində əhali ilə səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, bu ən ucqar dağ kəndinə ilk dəfə əhali ilə görüşə gələndə böyük çətinliklərlə qarşılamışdıq. Avtomobil yolu və işıq demək olar ki yox dərəcəsində idi. Məktəb uzaq olduğundan şagirdlər demək olar ki, təhsildən kənarda qalmışdılar. Ötən müddət ərzində böyük çətinliklə də olsa, bu problemlər birgə səylərimizlə həllini tapmışdır. Hazırda yüksək sürətli internet şəbəkəsi də çəkilib başa çatdırılmaq üzrədir. Şagirdlərin normal təhsil alması üçün Hamoşam kənd tam orta məktəbinə gediş-gəliş məqsədilə avtomobillərin ayrılması isə önəmli məsələlərdən biridir. Bununla şagirdlərin dərsə davamiyyət problemi həll olunmaqla, həm də bir neçə iş yeri yaranmışdır.
Uzun illər mövcud olan bu problemlərin həlli bizi çox sevindirir. Yol çəkilişindən sonra abadlıq işləri genişlənmiş, kəndlərdə müasir tipli evlər inşa edilmişdir. Bu səfalı yerləri görmək üçün gələn turistlərin sayı da xeyli çoxalmışdır. Abadlıq-quruculuq işləri artdıqca bu daha da geniş vüsət alacaqdır. Qüdrətli dövlətimizin inkişafı və vaxtilə həlli imkansız görünən problemlərin bu gün həllini tapması səfalı dağlar qoynunda hələ çox işlərin görüləcəyinə bizi ümidləndirir. Əlbəttə bütün görülən işlər cənab Prezidentin diqqət və qayğısı, sərəncamları ilə ayrılan vəsait hesabına görülüb başa çatdırılmışdır.
İcra başçısı rayonumuzun davamlı inkişafından danışmış, aparılan quruculuq işlərinin əhalinin rahat yaşamasının təmininə xidmət etdiyini bildirmişdir. Rayonun səfalı, mənzərəli kəndlərindən olan Reqloba kəndinin turizm potensialını nəzərə alaraq inkişafı, sakinlərin problemlərinin həlli üçün bundan sonra da tədbirlərin görüləcəyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Görüş iştirakçıları rayon mərkəzindən xeyli aralı, dağlıq ərazidə yerləşən kəndlərdə görülən abadlıq-quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirmiş, bu qayğıya görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmişlər. Çıxış edənlər Reqloba kəndində elektrik xətt təsərrüfatının yenilənməsinə və Diquli yaşayış massivində əlavə elektrik transformatorun qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan müəyyən problemlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermiş, digər məsələlərin aktuallığını önə çəkərək həlli üçün tədbirlər görüləcəyini bildirmişdir.







