Reqloba yaşayış massivində səyyar qəbul və görüş
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Hamoşam kənd inzibati ərazi dairəsi üzə nümayəndəliyinin Reqloba kəndində əhali ilə səyyar qəbul və görüş keçirtmişdir. Reqloba kəndi rayonun ən ucqar yaşayış məntəqəsi olmaqla mərkəzdən təqribən 45 km aralıda, səfalı dağların qoynunda yerləşir. Bura Azərbaycan–İran dövlət sərhədinə yaxın rayonun yaylaq ərazisidir.
İcra başçısı bildirmişdir ki, ötən il keçirtdiyimiz görüşdə söz vermişdim ki, Reqloba kəndindən yuxarıda yerləşən Diqoli yaşayış massivinə avtomobil yolunun çəkilməsi üçün tədbirlər görəcəyik. Şükür Allaha artıq yeni avtomobil yolu sizin istifadənizdədir. 5,5 kilometrlik Dolu-Reqloba-Diqoli avtomobil yolunun çəkilişi bu günlərdə başa çatıbdır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bu məsələ çoxdan bizi narahat edirdi. Mürəkkəb relyefə malik bu ərazidə sərt qayaları yararaq yol açmaq çətin də olsa öhdəsindən gələ bildik. Bu böyük problemin həllindən sonra burada əhalinin güzəranı xeyli yaxşılaşacaq. Bu yolla həm Hamoşam, həm də Pəlikəş nümayəndəliklərinin kəndlərinə rahat gediş-gəliş təmin olunacaq. Füsunkar təbiət mənzərələri ilə zəngin olan bu yerlərə turistlərin, qonaqların marağı daha da artacaq. Yaylaq ərazilərinə aparan bu yeni turizm marşrutu dövlət sərhədinə qədər uzandığına görə sərhədçilərin işini də xeyli asanlaşdırır.
Əvvəllər hətta yay aylarında bu dağlıq ərazidəki böyük kəndlərə gəlməkdə belə çətinlik çəkir, problemlərlə üzləşirdik. Payız-qış aylarında isə ümumiyyətlə bu mümükün deyildi. Bundan sonra ilin bütün fəsillərində ən ucqar yaşayış məntəqələrində daha tez-tez görüşə bilərik. Bütün bunlar ölkəmizin inkişafı ilə bağlıdır. Ölkəmizin iqtisadi gücü ardtıqca əhalinin sosial rifahının yaxşılaşdırılması üçün görülən tədbirlərin miqyası da genişlənir.
Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına rayonun aran kəndləri ilə yanaşı ucqar dağ kəndlərinin problemlərinin həlli ürəkaçandır. Üç-dörd il əvvəl yolu və işığı olmayan Şəvqo, Sibiyyət, Diqo, Avyarud kəndlərinə də avtomobil yolu və elektrik xətti çəkilib, üç kənddə ibtidai məktəblər üçün modul tipli binalar quraşdırılmışdır. Yol çəkilişindən sonra abadlıq işləri genişlənmiş, yeni obyektlər, kəndlərdə müasir tipli evlər inşa edilmişdir. Bu səfalı yerləri görmək üçün gələn turistlərin sayı ildən-ilə artır. Təsərrüfatlarınızı inkişaf etdirməyi tövsiyə edirəm. Çünki fərdi təsərrüfatlarda istehsal etdiyiniz ekoloji təmiz məhsulları bazara çıxartmağa ehtiyac olmayacaq. Alıcılar birbaşa evinizdən gəlib alarlar. Bu kəndlərin sakinləri təsərrüfatçı, zirək, həm də vətənpərvərdirlər. Biz Vətən müharibəsində bir daha bunun şahidi olduq. Qəhrəman oğullarımız könüllü olaraq cəbhəyə yollandılar və düşməni tamamilə məğlub edənə qədər igidliklə döyüşdülər.
Düşmən üzərində tarixi qələbəmizdən sonra erməni terroristlərinin vəhşicəsinə dağıdaraq talan etdiyi Qarabağ və Şərqi Zəngəzurda geniş tikinti-quruculuq işləri aparılır. Şəhər və kəndlərimiz bərpa olunduqca yurdlarından didərgin salınmış soydaşlarımız sevinclə doğma məkanlarına qayıdırlar. Bu bizi hədsiz dərəcədə sevindirir və qürurlandırır. Bu qədər qlobal layihələrin həyata keçirildiyi bir vaxtda paralel olaraq regionlarda, o cümlədən, rayonumuzda quruculuq-abadlıq işlərinin öz ahəngi ilə davam etməsi qüdrətli Azərbaycanımızın böyük iqtisadi gücünün təzahürüdür.
Kənd sakinləri çıxış edərək cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda geniş vüsət alan quruculuq-abadlıq işlərindən sevinclə danışmışlar. Ucqar ərazidə, mürəkkəb relyefdə yaşadıqlarına görə yolun olmamasından çox əziyyət çəkdiklərini qeyd etmiş, bu problemin həllinə görə ölkə rəhbərinə sonsuz minnətdarlıqlarını bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı kənddə ibtidai məktəbin açılmasına, əlavə elektrik transformatorunun qoyulmasına, qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcəyini bildirmişdir.