Rinə kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rinə kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulu giriş sözü ilə açan icra başçısı bildirmişdir ki, Rinə kəndində keçirilən səyyar qəbullar həmişə səmərəli olmuş, verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə yadda qalmışdır. Son illər ərazidə böyük işlərin görüldüyünü əhalinin diqqətinə çatdıraraq kəndin elektrik xətt təsərrüfatında təmir işlərinin aparılmasını, yeni transformatorun quraşdırılmasını, Niləşə kəndində avtomobil yolu üzərində yeni körpünün qoyulmasını ötən görüşlərdə verilən təkliflər əsasında həyata keçirildiyini bildirmişdir. Bundan başqa avtomobil yollarının asfaltlaşdırılmasını, kənddə yeni müasir tipli məktəb binasının tikilməsini, qaz xəttinin çəkilməsini ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi siyasətin nəticəsi olduğunu vurğulamışdır.
Bildirmişdir ki, bugünkü görüş də sakinlərlə yaşadıqları ərazidə görüşüb onları narahat edən problemləri öyrənmək və həllinə köməklik etməkdən ötrü ölkə Prezidentinin tapşırığına əsasən keçirilir.
Kənd sakinləri çıxış edərək rahat, firavan yaşamaları üçün cənab Prezidentin ölkə miqyasında həyata keçirdiyi sosial layihələrin yaşayışlarına müsbət təsirindən danışmış, son illər nümayəndəliyin ərazisində aparılan quruculuq-abadlıq işlərindən razılıqlarını bildirərək cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər eyni zamanda kənddə telefon nömrələrinin artırılması və internet şəbəkəsinin genişləndirilməsinə, Çüvaş kəndində çay üzərində yeni avtomobil körpüsünün salınmasına, Çüvaş, Viləşə, Taxtanakəran və Bili kəndlərinə qaz xəttinin çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, Siyaku kəndinə qəsəbə statusunun verilməsinə, Viləşə, Bili və Çüvaş kəndlərinin avtomobil yolunun təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonunun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.
İcra başçısı yüksək fəallıq və işgüzarlıq şəraitində keçən görüşə görə sakinlərə razılığını bildirmiş, bütün görülən işlərin cənab Prezidentin ölkədə yaratdığı siyasi sabitliyin, düzgün və məqsədyönlü siyasətin, güclü iqtisadi təməlin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, təməlini ulu öndərimiz Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan dövləti ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə gündən-günə inkişaf edir. Hərtərəfli, sürətli inkişafı ilə dünya dövlətlərinin diqqət mərkəzində olan ölkəmizə beynəlxalq aləmdə etibar və marağın artması xalqın öz rəhbərinə inam və rəğbətini daha da artırmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində uzun illər düşmən tapdağında olan torpaqlarımızın 44 gün müddətində quldur düşməndən təmizlənməsi, qalib xalq kimi dünyada tanınmağımız olduqca qürurvericidir. Sevinirik ki, zaman-zaman verdiyimiz şəhidlərimizin qisası alınmaqla, soydaşlarımız doğma tarixi torpaqlarına qayıdacaqlar. Vəhşi düşmənin törətdiyi talançılıq isə onların barbar xislətini göstərir. Laçın şəhəri və ətraf kəndlərdən çıxarkən evlərə, meşələrə od vurub yandırdıqlarının bir daha şahidi olduq. Bu vəhşilik quldur ermənilərin bu yerləri özlərinə doğma bilmədiklərinin, heç vaxt bu yerlərdə yaşamadıqlarının bariz nümunəsidir. Onlar bilir ki, bu torpaqlar, bu ev-eşik onların deyil və heç vaxt da olmayacaq. Əgər belə olmasaydı 30 il müddətində bu yerləri talamaz, əksinə, abadlıq işləri görər, qurub-yaradardılar.
Vəhşi düşmənin talan etdiyi torpaqlarda hazırda sürətli bərpa işlərinin aparıldığını, soydaşlarımızın doğma ocaqlarına qayıdış həsrətinin tezliklə sona yetəcəyini, Qarabağ və ətraf rayonlarımızın tamamilə gülüstana dönəcəyini qeyd edən icra başçısı ölkəmizin inkişafı, tərəqqisi naminə, bundan sonra da güclü, abad müstəqil Azərbaycanımızın xoşbəxt sakinləri kimi yaşamaqdan ötrü cənab Prezidentin ətrafında yumruq kimi birləşməyimizin, ölkə rəhbərinə hərtərəfli dəstək olmağımızın vacibliyini diqqətə çatdırmışdır.