Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rinə kəndində səyyar qəbul və görüş

20 fevral 2025 | 17:01

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rinə kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən, Rinə kəndində keçirtdiyimiz səyyar qəbullar həmişə səmərəli olmuşdur. Bunun nəticəsidir ki, kənddə həllini gözləyən qlobal problemlər demək olar ki, qalmamışdır. Son illər Rinə kənd tam orta məktəbi üçün müasir tipli yeni bina tikilmiş, əsas yollar asfaltlaşdırılmış, qazlaşdırma aparılmış, internet xətti çəkilmiş, elektrik xətt təsərrüfatında əsaslı təmirə başlanılmış, SİP kabelləşməsinin qısa müddətdə başa çatdırılması nəzərdə tutulmuşdur ki, bununla da bütün nümayəndəlik ərazisində bu problem biryolluq həllini tapacaqdır. Nümayəndəlik ərazisində aqrar sahə inkişaf etmiş, xüsusən, sitrusçuluq xeyli artmışdır. Daha məhsuldar və şaxtaya davamlı yeni sort ağaclar əkməklə sitrus sahələrini daha da genişləndirməyi tövsiyə edirəm. Dövlətimiz aqrar sektorun inkişafına xüsusi önəm verdiyi üçün bu dəstəkdən yararlanmaqla bol məhsul əldə edə bilərsiniz.

Hazırda ən böyük problem kəndin mərkəzindən keçən dağ çayında məcratəmizləmə və sahilbərkitmə işlərinin aparılmasıdır. Ötən il yağan aramsız yağışlar rayonumuzun digər yaşayış məntəqələri kimi Siyaku nümayəndəliyi ərazisində, həmçinin Rinə kəndində böyük fəsadlar törətdi. Sel-suları körpüləri zədələməklə, elektrik xətt təsərrüfatına, avtomobil yollarına, fərdi təsərrüfatlara ziyan vurdu. Hətta bu məktəb binası üçün də təhlükə yarandı. Bununla əlaqədar aidiyyəti qurumlara etdiyimiz müraciət müsbət cavablandırılmış, yaxın zamanlarda çayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılması nəzərdə tutulmuşdur.  

İcra başçısı hazırda respublikamızda çox böyük qlobal layihələrin həyata keçirildiyini, əsas diqqətin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastrukturun bərpasına yönəldildiyini diqqətə çatdırmışdır.  Qeyd etmişdir ki, ölkəmiz böyük inkişaf yolundadır. Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlığını bildirirlər. Aparılan abadlıq-quruculuq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Sakinlər çıxış edərək son illər respublikada və rayonda aparılan abadlıq-quruculuq işlərinə, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirtdiyinə görə icra başçısına razılıqlarını bildirmişlər.

Sakinlər kənddən keçən çayda məcratəmizləmə işlərinin aparılmasına, məhəllə yollarının asfaltlaşdırılmasına, Taxtanəkəran kəndinə və fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsinə, Çüvaş kəndində elektrik xətt təsərrüfatının yenilənməsi işlərinin sürətləndirilməsinə və çay üzərində körpü qoyulmasına, maddi yarımın göstərilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar tapşırıqlar vermiş, icrasının  diqqətdə saxlanılacağını bildirmişdir.

Keçidlər