Rinə kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rinə kəndində keçirtmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, vətəndaşlarla yaşadığı ərazilərdə keçirilən görüşlərimiz mütəmadi xarakter daşıyır. Siyaku ərazi nümayəndəliyində 24 kənd vardır. Bu kəndlərin əksəriyyətində görüşlərimiz olub və bu görüşlər həmişə verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə yadda qalmışdır. Son illər ümumilikdə nümayəndəliyin ərazisində böyük işlər görülüb. Yəqin xatırlayırsınız, cəmi bir neçə il əvvəl kəndin yolları bərbad olduğundan buralara əhali ilə görüşə gələndə nə qədər çətinlik çəkirdik. İndi isə buradan keçən asfalt yollar ən ucqar dağ kəndimiz olan Toradi kəndinə qədər uzanıb gedir. Bundan başqa kənddə yeni məktəb binası tikilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, ən əsası burada təbii qazın açılışını etmişik. Bununla da insanların rahat yaşayışına xidmət edən vacib sosial məsələlərin həllini tapdığını deyə bilərik. Bütün bunlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.
Ölkənin ən böyük problemi olan Qarabağ probleminin Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş məntiqli siyasəti nəticəsində həll edildiyini, uzun illər mənfur düşmənlərin tapdağında olan müqəddəs torpaqlarımızın xalqımızın birliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə işğaldan azad edildiyini vurğulayan icra başçısı, bu tarixi zəfərlə xalqımızın bütün dünyada qalib xalq kimi tanındığını bildirmişdir. Qeyd etmişdir ki, erməni terrorçularının vəhşicəsinə dağıtdığı, taladığı Qarabağımız hazırda dövlətimizin gücü, cənab Prezidentimizin rəhbərliyi ilə kəndbəkənd, şəhərbəşəhər yenidən qurulur, abadlaşdırılır. Dağıdılmış infrastrukturun yerində yeni layihələrlə ən müasir tikililər inşa edilir. Vaxtilə vəhşicəsinə doğma yurdlarından didərgin salınan soydaşlarımızın indi mərhələlərlə öz yurdlarına qayıdışını görəndə fəxarət hissi keçiririk. Bu tarixi qələbənin qazanılmasında rayonumuzun, o cümlədən, Rinə kəndinin gənclərinin də misilsiz xidməti vardır. Vətənpərvər övladlarımızdan şəhid olanların ruhu qarşısında baş əyir, qazilərimizə, veteranlarımıza can sağlığı diləyirik.
Sakinlər çıxış edərək Respublikamızda, eləcə də rayonumuzun şəhər, qəsəbə və kəndlərində görülən abadlıq və quruculuq işlərinin yaşayışlarına müsbət təsirindən danışmış və bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə ən xoş arzularını ifadə etmişlər. Vətəndaşlarla yerlərdə tez-tez görüşlər keçirən, qaldırdıqları problemlərin həlli üçün operativ tədbirlər görən icra başçısına razılıq edən sakinlər eyni zamanda Rinə kənd tam orta məktəbinə qədər olan yolun asfaltlaşdırılmasına, kəndə əlavə telefon nömrələrinin verilməsi və internet şəbəkəsinin çəkilməsinə, kənd ara yollarının təmirinə, 1 km kənddaxili yolun asfalt olunmasına, kəndin yuxarı məhəlləsində subartezian quyusunun qazılmasına, Taxtanakəran və Çüvaş kəndlərinin qazlaşdırılması, əlavə elektrik transformatorunun qoyulması və sıradan çıxmış elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.
İcra başçısı bütün görülən işlərin cənab Prezidentin ölkədə yaratdığı siyasi sabitliyin, düzgün və məqsədyönlü siyasətin, güclü iqtisadiyyatın nəticəsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu inkişafın, tərəqqinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hazırda Azərbaycanda və dost ölkələrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir. Rayonumuzda da Ulu Öndərin yubileyi ilə əlaqədar silsilə tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilir. Bunlar hamısı ölkədə hökm sürən sabitliyin, əmin-amanlığın təzahürüdür. Hərtərəfli, sürətli inkişafı ilə dünya dövlətlərinin diqqət mərkəzində olan ölkəmizə beynəlxalq aləmdə etibar və marağın artması da bu sabitliyin nəticəsidir.
Biz də ölkə rəhbəri ətrafında daha sıx birləşməli, müstəqilliyimizin qorunması, xalqımızın azad, firavan, təhlükəsiz yaşaması üçün cənab Prezidentin həyata keçirdiyi mühüm işlərə töhfəmizi verməliyik.