Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rudəkənar kəndində səyyar qəbul və görüş

05 yanvar 2023 | 17:43

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Rudəkənar kəndində əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. 

İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, Suparibağ inzibati ərazi dairəsinə daxil olan kəndlərdə son illər xeyli iş görülmüşdür. Rudəkənar kənd ümumi orta məktəbi də daxil olmaqla bir neçə yeni məktəbin tikintisi, yolların asfaltlaşdırılması, elektrik xətt təsərrüfatında aparılan təmir işləri dediklərimizə sübutdur. Ən əsası isə Astaraçayda aparılan sahilbərkitmə işləridir. Payız-qış mövsümündə güclü  yağışlar yağan kimi çayda suyun səviyyəsi qalxmaqla həyətləri, evləri su basır, təsərrüfatlara böyük ziyan dəyirdi.  Sel vahiməsi bizi və sakinləri daim narahat edirdi. Cənab Prezident rayonumuzda olarkən bu problemli məsələ barədə məruzə etdik. Çox sağ olsun, ölkə başçısı dediklərimizə dərhal reaksiya verdi. Astaraçayda sahilbərkitmə işlərinin aparılması üçün Sərəncamla vəsait ayırdı. Çayda böyük məsafədə sahilbərkitmə işləri aparılmaqla sel təhlükəsinin qarşısı alındı. Bu işlər hazırda Qapıçıməhəllə kəndi istiqamətində davam edir. Yəqin ki, bu il başa çatdırılacaq və bu bəladan birdəfəlik qurtulacağıq.

Bu gün rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri ilə birlikdə sizinlə burada görüşərək problemləri öyrənmək,  həllinə köməklik etmək məqsədilə gəlmişik. Buyurun, təkliflərinizi verə bilərsiniz.

Sakinlər çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə qazanılan yüksək nailiyyətlərdən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildirmişlər. Xüsusilə Astaraçayda sahilbərkitmə işlərinin aparılması məqsədilə vəsaitin ayrılmasına görə cənab Prezidentə sonsuz minnətdarlıq ifadə etmişlər. Sakinlər yerlərdə əhali ilə sıx ünsiyyət saxlayıb tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmiş, Rudəkəran kəndinin Astara şəhərinə birləşdirilməsi, kəndə içməli su xəttinin çəkilməsi, məhəllə yolunun təmir edilməsi və məhəllədən keçən suötürücü kanalda borunun qoyulması  barədə təkliflərini vermişlər.

İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir.  

Qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli inkişafı bizi sevindirir. Respublikamızda, o cümlədən rayonumuzda həlli vacib məsələlər həllini tapır. Cənab Prezidentin diqqət və qayğısıyla həyata keçirilən böyük layihələr insanların həyatına rahatlıq gətirir.

Ən böyük rahatlığı isə xalqımız uzun illər düşmən tapdağında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı ilə azad edilməsi ilə tapmışdır. Məkrli, quldur ermənilərin otuz ilə qurduğu istehkamları qısa müddətdə darmadağın edərək başlarına uçuran Müzəffər Ordumuz, azad etdikləri şəhər və kəndlərdə şanlı bayrağımızı ucaltdıqca ürəyimizi sevinc, fərəh hissi bürüyürdü. İşğal dövründə fars-molla rejimi ilə əlbir olan erməni vandalları bütün infrastrukturu vəhşicəsinə dağıtmış, təbii sərvətlərimizi talan etmişlər. Güclü dövlətimiz hazırda Qalib Sərkərdənin rəhbərliyi ilə Qarabağda sürətli tikinti, bərpa işləri aparır. Artıq soydaşlarımızın doğma torpaqlara qayıdışına başlanmışdır. Lakin məğlubiyyətlərini həzm edə bilməyən düşmən qüvvələr-erməni və fars-molla rejimi indi də çirkin niyyətlərindən əl çəkmir, təxribatlar aparır, revanşist çıxışları ilə xalqlarını fəlakətə sürükləyirlər. Ona görə də biz hər zaman olduğu kimi indiki dönəmdə cənab Prezidentin ətrafında dəmir yumruq kimi daha möhkəm birləşərək günbəgün inkişaf edən dövlətimizi qorumalıyıq. Yaşadığınız Rudəkənar kəndi sərhəddə yerləşdiyindən siz daha çox ayıq-sayıq olmalı, hər cür fitnə-fəsadın, təxribatın qarşısını almaqda köməkliyinizi göstərməlisiniz.      

Sizi yeni il münasibəti ilə təbrik edir, ailənizə can sağlığı, ölkəmizə, bütün xalqımıza əmin-amanlıq arzulayıram.

Keçidlər