Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Rudəkənar kəndində səyyar qəbul və görüş

05 fevral 2026 | 15:15

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Rudəkənar kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir.

İcra başçısı nümayəndəliyin bütün kəndlərində vaxtaşırı əhali ilə görüşdüyünü bildirərək son illər ərazidə görülən işlərin əsasən bu görüşlərdə sakinlər tərəfindən qaldırılan problemlərin həllinə yönəldiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, yeni məktəb binaları inşa edilmiş, əsas avtomobil yollarına asfalt döşənmiş, yüksək gərginlikli elektrik xətləri dəyişdirilmiş, sürətli internet şəbəkəsi yaradılmış, ən əsası Astaraçayda sahilbərkitmə işləri aparılmışdır. Sahilbərkitməni ona görə xüsusi vurğulayıram ki, bundan əhali çox əziyyət çəkirdi. Leysan yağışlar zamanı Astaraçayda suyun səviyyəsi qalxır, məcrasından çıxaraq Rudəkənar və qonşu kəndlərin ərazisini su basır, yaşayış evlərinə və təsərrüfatlara böyük ziyan dəyirdi. Əhalinin təhlükəsizliyini təmin etmək üçün təxliyə etməyə məcbur qalırdıq. Cənab Prezidentin ayırdığı vəsaitlərlə çayda sahilbərkitmə və məcratəmizləmə işləri aparıldıqdan sonra bunlara son qoyulub. Təqribən 1 kilometrlik məsafədə işlərin tamamlanması qalıb ki, bu da il ərzində həllini tapacaqdır.

Bütün görülən işlər ölkə rəhbərinin göstərişi əsasında həyata keçirilmişdir. Əhalinin problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Kənddə içməli su problemi olduğunu nəzərə alaraq Xanbulançay-Astara magistral su kəmərindən Rudəkənar və Seləkəran kəndlərinin hər bir yaşayış evinə içməli su xəttinin çəkilməsi üçün aidiyyəti üzrə müraciət etmişik. İl ərzində bu məsələnin həllini tapacağını düşünürük.  

Kəndlərin genişlənərək Astara şəhəri ilə birləşdiyini və digər aspektləri nəzərə alaraq Rudəkənar və Seləkəran kəndlərinin Astara şəhər inzibati ərazi dairəsinin tərkibinə daxil edilməsi barədə məsələ qaldırmışıq. Bu məsələnin də müsbət həllinə ümidliyik. Bundan sonra bu kəndlərin daxili məhəllələrinin asfaltlaşdırılması, küçə və səkilərin qaydaya salınaraq işıqlandırılması və digər məsələlər həllini tapmaqla, inkişaf perspektivləri daha da artacaq.  

Məktəbdə çalışan pedaqoji kollektivə gənc nəsli vətənpərvər ruhda tərbiyə etdiklərinə və yüksək təhsil verdiklərinə görə təşəkkürümü bildirirəm. Rayonumuzdan Vətən müharibəsinə könüllü yollanan gənclər arasında bu kəndin vətənpərvər oğulları da az deyildi. Biz onların hər birinə təşəkkür edir, valideynlərinə minnətdarlığımızı bildiririk.  

İcra başçısı cənab Prezidentin uğurlu daxili və xarici siyasəti barədə görüş iştirakçılarını məlumatlandırmış, ölkədə, rayonumuzda gedən geniş abadlıq və quruculuq işləri, xüsusən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri timsalında həyata keçirilən mühüm layihələrdən danışmışdır.  

 

Sakinlər çıxış edərək xalqımıza qələbə sevincini yaşadan, ölkəmizi uğurla inkişafa doğru aparan, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirən möhtərəm Prezident, cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Həmçinin onlar yerlərdə əhali ilə tez-tez görüşlər keçirtdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına təşəkkür etmiş, kəndin qalan hissəsinin də SİP kabelləşməsinə, Rudəkənar kənd ümumi orta məktəbinin binasının təmirinə, Suparibağ-Seləkəran yolunda çalaların və məhəllə yolunun təmir edilməsinə  köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan məsələlərin bəzilərinin həlli barədə tapşırıqlar vermiş, digərlərinin həllini diqqətdə saxlayacağını bildirmişdir.

 

Keçidlər