Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şağlazüzə kəndində səyyar qəbul və görüş

13 may 2022 | 13:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirdiyi növbəti səyyar qəbul-görüş Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Şağlazüzə kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə iştirak edən sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər çıxışlarında son illər respublikada və rayonda geniş vüsət alan quruculuq-abadlıq işləri və sosial layihələrdən razılıqla danışaraq, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən dövlət tədbirlərinə görə, həmçinin, xalqımızın 30 illik həsrətinə son qoyaraq, torpaqlarımızı işğaldan azad etdiyinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda pandemiyadan sonra yaşadıqları ərazidə səyyar qəbul keçirdiyinə və söylənən təkliflərə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq edərək elektrik xətt təsərrüfatının yenilənməsi, əlavə telefon nömrələrinin verilməsi, genişzolaqlı internet şəbəkəsinin yaradılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkə Prezidentinin gördüyü işləri yüksək qiymətləndirən, hər zaman ətrafında sıx birləşdiklərini bəyan edən kənd sakinlərinə minnətdarlıq etmişdir. Bildirmişdir ki, Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik çoxlu yaşayış məntəqələrindən ibarət olmasına baxmayaraq burada son illər xeyli iş görülmüşdür. Şağlazüzə kəndi də daxil olmaqla bir neçə yeni məktəb binası tikilmiş, əsas yollar asfaltlaşdırılmış, əhaliyə təbii qazın verilməsi təmin edilmiş, sahilbərkitmə işləri aparılmış, bir neçə körpü salınmışdır. Əslində baxanda problemli bir məsələ qalmamış, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazım olan əsas işlər görülüb başa çatdırılmışdır.

Bütün bu işlərə görə ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Qeyd etdiyiniz kimi iki il müddətinə bütün dünyanı bürüyən, normal həyatı iflic vəziyyətə salan koronavirus pandemiyası dövründə də ölkə prezidenti möhtərəm cənab İlham Əliyev xalqımızı bu bəladan qurtarmaq üçün bütün imkan və vasitələrdən maksimum istifadə etdi. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi idi ki, ölkəmiz bu bəladan minimum itkilərlə çıxa bildi. Cənab Prezidentin səyi nəticəsində Azərbaycan dünyada ilk vaksin alan dövlətlər sırasında olmaqla, əhalinin pulsuz vaksinasiyasını həyata keçirməyə başladı və bu işi qısa müddətdə başa çatdıra bildi. Pandemiyadan yeganə xilas yolunun vaksinasiya olduğunu xatırladaraq bildirirəm ki, kim vaksin olunmayıbsa tezliklə bu prosesdən keçməlidir.

İcra başçısı qeyd etmişdir ki, bütün bəşəriyyət pandemiya ilə mübarizə apardığı bir dövrdə quldur, terror erməni dövləti xaincəsinə tez-tez yaşayış məntəqələrimizi atəşə tutmağa başladı. Buna cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatına başlayan silahlı qüvvələrimiz qısa müddətdə bu terror dövlətini diz çökdürərək torpaqlarımızı işğaldan azad etdilər. İndi o torpaqlarda şanlı Azərbaycan bayrağı əzəmətlə dalğalanır. Cəmi 44 gün davam edən ikinci Qarabağ müharibəsində qəhrəman əsgər və zabitlərimizin qaniçən düşmənə verdiyi dərs yəqin ki, uzun müddət yaddaşlarından çıxmayacaq.   

Vəhşi düşmən 30 il ərzində taladığı həmin torpaqlarda nə bir ev, nə işıq, nə qaz xətti, nə telefon, ümumiyyətlə heç bir şey saxlamayıb. Bütün infrastruktur vəhşicəsinə dağıdılıb.  İndi oralarda quruculuq bərpa işlərinə başlanıbdır. Dövlətimizin bizim üçün yaratdığı şərait yaşayışımız üçün kifayət qədər yetərli olduğundan yurdundan didərgin salınan soydaşlarımızın doğma yurdlarına qayıtması üçün həyata keçirilən tədbirlərə biz də dəstək olmalıyıq.  

Burada qaldırılan məsələlərə gəldikdə isə bəzilərinin həlli üçün tapşırıqlar verdim. ,ağlazüzə və ətraf kəndlərdə demək olar ki, bütün problemlər həllini tapıb. Bəzi məsələlərə gəldikdə isə necə ki, əvvəlki görüşlərdə söylədiyiniz problemlərin həllinə sizin, icmaların gücü ilə birlikdə nail olmuşduq, bu məsələlərin həllinə də bu cür nail olacağıq. Nümayəndəliyə daxil olan kəndlərin sakinləri əsasən sitrusla məşğul olduqlarına görə suvarma suyuna ehtiyac olduğunu bilirik. Bunun üçün kənddəki çay üzərində su anbarının tikintisi ilə əlaqədar aidiyyəti üzrə təkliflərimizi vermişik. Yəqin gələcəkdə bu məsələlərə də baxılacaqdır.

Sizi əmin edirəm ki, xalqımızın maddi həyat və məişət şəraitinin daha da yaxşılaşması, rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir. Bu yolda biz də əlimizdən gələni əsirgəməməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı sabitliyi göz bəbəyi kimi qorumalı və hər an ölkə rəhbəri ətrafında sıx birləşərək birlik nümayiş etdirməliyik. Bu yolda hamınıza uğurlar arzulayıram.

Keçidlər