Şağlazüzə kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2025-ci ildə əhali ilə ilk səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şağlazüzə kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, ənənəmizə sadiq qalaraq vətəndaşlarla yaşadığı ərazilərdə görüşlərimizi bu il də davam edəcəyik. Siyaku ərazi nümayəndəliyinin bütün kəndlərində görüşlərimiz olub və bu görüşlər həmişə verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə yadda qalmışdır. Son illər nümayəndəliyin ərazisində böyük işlər görülüb. Əsas yollar asfaltlaşdırılmış, qazlaşma aparılmış, yeni məktəb binaları və körpülər tikilmiş, internet xətləri çəkilmiş, çayda sahilbərkitmə işləri görülmüş, elektrik xətt təsərrüfatında təmir işləri davam etdirilir. Bununla da insanların rahat yaşayışına xidmət edən vacib sosial məsələlərin həllini tapdığını deyə bilərik. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.
Yola saldığımız 2024-cü ilin ölkəmiz üçün ən uğurlu illərdən biri kimi tarixdə qalacağını qeyd edən icra başçısı, ötən ilin ən yaddaqalan hadisəsinin ölkəmizdə keçirilən COP29 beynəlxalq tədbiri olduğunu bildirmişdir. Dünyanın 200-ə qədər dövlətindən gəlmiş 80 minə qədər nümayəndənin iştirakı ilə keçirilən tədbirin yüksək səviyyədə təşkilinin ölkəmizin növbəti diplomatik uğuru olduğunu vurğulamışdır.
İcra başçısı ölkənin ən böyük problemi olan Qarabağ probleminin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həll edildiyini, uzun illər mənfur düşmənlərin tapdağında olan müqəddəs torpaqlarımızın xalqımızın birliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə işğaldan azad edildiyini bildirmişdir. Qeyd etmişdir ki, erməni terrorçularının vəhşicəsinə dağıtdığı, taladığı Qarabağ və Şərqi Zəngəzur hazırda dövlətimizin gücü, cənab Prezidentimizin rəhbərliyi ilə kəndbəkənd, şəhərbəşəhər yenidən qurulur, abadlaşdırılır. Dağıdılmış infrastrukturun yerində yeni layihələrlə ən müasir tikililər inşa edilir. Vaxtilə vəhşicəsinə doğma yurdlarından didərgin salınan soydaşlarımızın indi mərhələlərlə öz yurdlarına qayıdışını görəndə fəxarət hissi keçiririk.
Ölkəmizin bu uğurlarını həzm edə bilməyən bəzi dövlətlər, xüsusən də özlərini islam dövləti adlandıran, lakin dünya müsəlmanlarını təhqir edərək məscidlərimizdə donuz saxlayan ermənilərə hər cür dəstək və yardımlarını davam etdirən İran molla rejimi mənfur xislətindən əl çəkməyərək bizə qarşı cəfəngiyat çıxışlar edir. Bütün bunlara baxmayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız gündən-günə inkişaf edir, hədəflərinə doğru inamla addımlayır. Rəhbərini sevən müdrik xalqımız həmişə olduğu kimi bundan sonra da ölkə başçısının ətrafında dəmir yumruq kimi birləşərək hər cür təhdidlərə cavab verməyə qadirdir.
İcra başçısı regionlarda, o cümlədən, rayonumuzda da quruculuq, abadlıq işlərinin öz ahəngi ilə davam etdiyini bildirmişdir. Ötən il 26 km-lik Çayoba-Astara avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması, yolu olmayan Dürriyə-Şümrüd kəndlərinə yeni yolun çəkilməsi, Sərək və Şümrüd kəndlərində yeni məktəb binalarının tikintisi və digər sahələrdə görülən işlər dediklərimizə bariz nümunədir.
İcra başçısı qeyd etmişdir ki, bu kənddə Təngərüdçay üzərində olan sel-sularının dağıtdığı körpünün vəziyyəti bizi çox narahat edirdi. Bildirim ki, bu körpünün əsaslı şəkildə yenidən tkintisi üçün vəsait ayrılmış, bu yaxınlarda işə başlanılacaqdır. Eyni zamanda çayda sahilbərkitmə işlərinin aparılması da nəzərdə tutulmuşdur.
Sakinlər çıxış edərək görülən abadlıq və quruculuq işlərinin yaşayışlarına müsbət təsirindən danışmış və bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmişlər. Vətəndaşlarla yerlərdə tez-tez görüşlər keçirən, qaldırdıqları problemlərin həlli üçün operativ tədbirlər görən icra başçısına razılıqlarını bildirmişlər. Görüş iştirakçıları Siyakeş-Kijəbə, Həsin və məhəllə yollarının təmir edilərək asfaltlaşdırılmasına, sahilbərkitmə işlərinin aparılmasına, Şağlazüzə, Həsin və Şıxəməhlə kəndlərinin elektrik xətlərinin SİP kabelləşməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.