Şağlazüzə kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şağlazüzə kəndində keçirtmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, sizinlə görüşümüz xalqımız və dövlətimiz üçün çox əlamətdar olan günlərə təsadüf edir. Bir ay öncə Müzəffər Ordumuz Qarabağda keçirtdiyi antiterror əməliyyatı ilə cəmi bir sutka ərzində düşməni darmadağın edərək separatçı tör-töküntülərini təslim olmağa məcbur etdi. Erməni terrorçularının uzun illər Qarabağda qurduqları müdafiə istehkamları onların başına uçurdularaq məhv edildi. Müxtəlif növ çoxlu silah-sursat qənimət götürüldü. Xeyli itki verən və son dayaqlarının məhv edildiyini görən separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Təpədən dırnağadək silahlanmış, təqribən on min nəfərlik terrorçu dəstənin ildırım sürəti ilə təslim edilməsi dünyanı təəccübləndirən, misli-bərabəri olmayan bir antiterror əməliyyatı idi. Bununla da Azərbaycan bütün Qarabağ torpağı üzərində suverenlik hüququnu tam bərpa etdi.
Dörd gün bundan əvvəl, 15 oktyabr tarixində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağ səfəri zamanı erməni terrorçularının tarixi Azərbaycan torpaqlarındakı son dayaq nöqtələri olmuş Xankəndi, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarı ərazisində Şanlı Bayrağımızı qaldırmaqla qürurla xalqa müraciət etməsi ən yaddaqalan xoş hadisə kimi bizi sevindirdi. Bu cənab Prezidentin 20 illik ölkəyə rəhbərliyi dövründə doğma xalqına verdiyi ən böyük qələbə müjdəsi, ən layiqli hesabat, heç vaxt unudulmayan, tarixə qızıl hərflərlə yazılacaq ən şanlı səhifədir. Sözsüz ki, bu qələbənin əldə edilməsində Müzəffər Ali Baş Komandan, qəhrəman zabitlərimiz, əsgərlərimiz və xalqımızın dəmir yumruq birliyi əsas rol oynadı. Biz dünyaya sübut elədik ki, biz qəhrəman xalqıq. Əlbəttə bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin davamıdır. Sizi bu tarixi, əlamətdar hadisələr münasibətilə təbrik edirəm.
Sizinlə keçirtdiyimiz səyyar qəbullar həmişə səmərəli olmuş, verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə yadda qalmışdır. Son illər nümayəndəliyin ərazisində böyük işlər görülüb. Siyaku, Vaqo, Rinə, Marzəsə kəndlərində müasir tipli məktəb binaları tikilmiş, əsas yollar asfaltlaşdırılmış, qazlaşma aparılmış, sahilbərkitmə işləri, elektrik xətt təsərrüfatında təmir işləri görülmüşdür. Aqrar sahə, xüsusən sitrusçuluq inkişaf edərək ildən-ilə genişlənir. Müasir üsullarla yeni sitrus bağlarının salınması nəticəsində bol məhsul əldə edilir. Göründüyü kimi əsas problemlər həllini tapmış, ərazidə böyük problemler, narahatlıq doğuran məsələlər qalmamışdır.
Son günlər yağan aramsız yağışlar rayonumuzun yaşayış məntəqələrində, o cümlədən Siyaku nümayəndəliyi ərazisində müəyyən fəsadlar törətmişdir. Pensərçayda sel-suları bir neçə körpünü zədələmiş, bəzilərini tamamilə sıradan çıxartmışdır. Həmin ərazilərdə alternativ yollar salınmaqla, hazırda körpülərin bərpası istiqamətində işlər görülür.
Kənd sakinləri çıxış edərək cənab Prezidentin uğurlu daxili və xarici siyasəti ilə ölkəmizin imicinin dünya miqyasında artmasından, işğaldan azad edilən torpaqlarımızda Azərbaycanın Şanlı Bayrağının dalğalanmasından qürur duyduqlarını fəxrlə dilə gətirmiş, eyni zamanda son illər nümayəndəliyin ərazisində aparılan quruculuq-abadlıq işlərindən razılıqlarını bildirərək cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər eyni zamanda Şağlazüzə kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikilməsinə, kəndə əlavə telefon nömrələrinin verilməsi və internet şəbəkəsinin çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, ərazidə yanğınsöndürmə və təcili tibbi yardım məntəqələrinin yaradılmasına köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, həlli vaxt tələb edən məsələlər barədə onlara izahatlar verilmiş, digərlərinin həlli ilə əlaqədar təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.
İcra başçısı Pensərçayın Siyaku kəndindən keçən hissəsində daşqın nəticəsində zədələnmiş körpünün bərpası işləri ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.