Şağlazüzə kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2026-cı ildə əhali ilə ilk səyyar qəbul-görüşlərindən birini də Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şağlazüzə kəndində keçirmişdir.
İcra başçısı bildirmişdir ki, ənənəmizə sadiq qalaraq vətəndaşlarla yaşadığı ərazilərdə görüşlərimizi bu il də davam edəcəyik. Bir neçə gün əvvəl Rinə kənd tam orta məktəbində Taxtanəkəran kənd sakinləri ilə keçirdiyimiz görüşdə kənddaxili yolların təmiri ilə əlaqədar müraciət olundu. Təmir materiallarının tədarükü üçün tərəfimizdən köməklik göstərildi və bu iş həllini tapdı. Siyaku ərazi nümayəndəliyinin bütün kəndlərində görüşlərimiz olub və bu görüşlər həmişə verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə yadda qalmışdır. Son illər nümayəndəliyin ərazisində böyük işlər görülüb. Əsas yollar asfaltlaşdırılmış, qazlaşma aparılmış, yeni məktəb binaları və körpülər tikilmiş, internet xətləri çəkilmiş, çayda sahilbərkitmə işləri görülmüş, elektrik xətt təsərrüfatında təmir işləri davam etdirilir. Vətəndaşlarımızın rahat yaşayışı üçün vacib olan əsas sosial məsələlərin həllini tapması bizə də rahatlıq gətirir.
Hazırda əsas narahatlıq doğuran məsələ Təngərüdçayın Şağlazüzə, Siyakeş istiqamətində daşması nəticəsində yararsız vəziyyətə düşən körpünün bərpası, həmçinin çayda sahilbərkitmə işlərinin aparılmasıdır. Körpü layihələndirilib, yəqin ki il ərzində tikintisi aparılacaq. Eyni zamanda çayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılması da nəzərdə tutulmuşdur. Bundan başqa il ərzində Həsin avtomobil yolu da asfaltlaşdırılacaqdır.
Gələcəkdə isə Şağlazüzə-Ovala-Sipiyəpart dairəvi avtomobil yolunun çəkilməsi nəzrdə tutulmuşdur. Layihənin həyata keçirilməsi ilə bu istiqamətdə yaşayan sakinlərimizin rahat və təhlükəsiz hərəkəti təmin olunmaqla yanaşı, bu həm də turizmin inkişafına böyük töhfə olacaqdır. Çünki bu dağlıq ərazidə olan gözəl təbiət mənzərələri turistlər üçün çox maraqlı və cəlbedicidir.
Bu il sakinlərimizin yaxşı sitrus və suptropik meyvələri tədarük etdikləri barədə məlumatlıyıq. Bu meyvələrin istehsalına diqqət daha da artırılmalıdır. Çünki yaxşı gəlirli sahədir. Dövlətimizin də yeni bağların salınması üçün kifayət qədər güzəştləri barədə sizə dəfələrlə məlumat vermişik. Elə bu dövlət dəstəyinin nəticəsidir ki, rayonumuzda sitrus və suptropik meyvə bağlarının sahəsi son illər iki dəfəyə qədər artmışdır.
Ölkəmizdə əmin-amanlıqdır. Dövlətimiz bütün gücü ilə vətəndaşlarının yanındadır. İnsanlarımızın firavan yaşaması üçün həyata keçirilən dövlət tədbirlərin miqyası gündən-günə artır. Xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdardır. Aparılan abadlıq-quruculuq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Hazırda cənab Prezidentimiz Davos iqtisadi forumunda iştirak edir və dünyanın aparıcı dövlət liderləri və böyük şirkətlərin rəhbərləri ilə vacib görüşlər keçirir. Bütün bunlar yeni Azərbaycan reallıqlarını bir daha onlara çatdırmaq, iri şirkətlərin ölkəmizə, xüsusən, işğaldan azad olunmuş ərazilərə investisiya yatırmağa cəlb etməyə xidmət edir.
Sakinlər çıxış edərək cənab Prezidentin uğurlu siyasəti ilə ölkəmizin imicinin dünya miqyasında artmasından, Azərbaycanın Şanlı Bayrağının dalğalandığı işğaldan azad edilən torpaqlarımızda aparılan misli görünməyən tikinti işlərindən qürur duyduqlarını fəxrlə dilə gətirmiş, eyni zamanda son illər nümayəndəliyin ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Yerlərdə tez-tez görüşlər keçirdiyinə, qaldırdıqları problemlərin həlli üçün operativ tədbirlər gördüyünə görə icra başçısına razılıqlarını bildirmişlər. Görüş iştirakçıları Şağlazüzə kəndində kanalın məcrasının əvvəlki vəziyyətə gətirilməsi üçün texnikanın verilməsinə, çayda sahilbərkitmə işlərinin aparılmasına, çay üzərində olan qəzalı vəziyyətə düşmüş körpünün yenidən inşa edilməsinə, Şağlazüzə kəndinə 1 km və Həsin kəndinə gedən yolun asfalt olunmasına, kənd ara yollarının təmirinə, elektrik xətt təsərrüfatının SİP kabelləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, həlli ilə əlaqədar tədbirlərin müəyyənləşdiriləcəyi onlara bildirilmişdir.







