Şahağac kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Şahağac kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulu giriş sözü ilə açan icra başçısı bildirib ki, Şahağac kəndində keçirilən görüşlər həmişə səmərəli olub. Qaldırılan problemlərin həlli ilə əlaqədar görülən tədbirlərin nəticəsidir ki, hazırda narahatlıq doğuran ciddi məsələlər yoxdur. Kəndin elektrik xətt təsərrüfatı SİP kabelləşmə aparılmaqla yenidən qurulmuş, hər iki məktəbə gedən kənd ara yolları asfaltlaşdırılmış, qazlaşma tam başa çatmışdır. Bu görüş də ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir. Məqsəd bilavasitə sakinlərlə ünsiyyət yaradıb onları narahat edən problemləri həll etməkdir.
Görüş iştirakçıları ölkəmizin yüksək inkişafı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və son illər rayonda görülən quruculuq-abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, bütün bunların güzəranlarına müsbət təsirindən razılıqla danışmışlar. Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirərək kəndə içməli su xəttinin çəkilməsinə, 2 saylı tam orta məktəbin dam örtüyünün təmirinə, kənddə bankomatın qoyulmasına, elektrik transformatorunda gərginliyinin artırılmasına, şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisinə və ara yolların təmirinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı iştirakçıların arzu və təkliflərini dinləyərək Şahağac kəndində əsas problemlərin həllini tapdığını bildirmiş, söylənən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir. Vaxt tələb edən digər məsələlər barədə tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Digər şəhid ailələri kimi siz də tezliklə növbəlilik əsasında fərdi yaşayışı evi ilə təmin ediləcəksiniz.
İcra başçısı cənab Prezident İlham Əliyevin xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün yüksək fəaliyyətindən danışaraq, həyata keçirdiyi məqsədyönlü tədbirlərin müstəqil dövlətimizi daha uğurlu gələcəyə qovuşduracağını əminliklə söyləmişdir. Ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzdan, dünya ölkələri ilə yüksək əməkdaşlıq əlaqələrindən danışaraq bunların ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu bir daha bildirmişdir.
Qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz ordumuzun gücü ilə uzun illər işğal altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Bununla erməni terrorunun qurbanı olan bütün günahsız insanların, şəhidlərimizin qisası alındı. İşğalda saxladığı illərdə erməni vandalları o torpaqları vəhşicəsinə talamış, hər tərəfini minalamışlar. Hazırda həmin torpaqlar minalardan təmizlənərək sürətli quruculuq bərpa işləri aparılır. Dövlətimizin iqtisadi gücü imkan verir ki, dağıdılmış şəhər və kəndlər tezliklə bərpa olunsun. Bunun üçün bütün qüvvələr səfərbər olunub. İnfrastrukturun ən müasir şəkildə yenidən qurulmasından ötrü dövlət orqanları, yerli və xarici şirkətlərin nümayəndələri layihələrin icrası ilə əlaqədar birgə fəaliyyət göstərirlər. İnanırıq ki, doğma yurdlarına qayıdan soydaşlarımız - bu torpaqların əsl sahibləri güclü dövlətimizin himayəsi altında doğma məkanlarında əbədi yaşayacaqlar. Biz də həmişə olduğu kimi yüksək birlik nümayiş etdirməli, qalib Prezidentimizin ətrafında sıx birləşərək xalqımızın firavanlığı, müstəqil dövlətimizdə əmin-amanlığın, sabitliyin qorunması naminə əlimizdən gələni etməliyik.