Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şahağac kəndində səyyar qəbul və görüş

19 dekabr 2024 | 17:31

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul və görüşü Şahağac kəndində keçirtmişdir. Görüşdə  rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, ənənə halını almış səyyar qəbullarda əsas məqsəd sakinləri yerlərdə dinləyərək mövcud problemlərin həllinə köməklik göstərməkdir. Keçən görüşümüzdən sonra Şahağac kəndində xeyli iş görülmüşdür. Şahağac kənd 2 nömrəli tam orta məktəbində təmir işləri aparılmış, dam örtüyü yenilənmiş, elektrik xətləri dəyişdirilmiş və narahat edən digər məsələlər həllini tapmışdır. Körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılmış, inanıram ki, yaxın günlərdə bütün avadanlıqlarla təchiz edilmiş müasir bir bağça uşaqların ixtiyarına veriləcəkdir. Kənd ara yollarında təmir və asfaltlaşdırma işləri görülmüş, yeni internet şəbəkəsi yaradılmışdır. Kəndin elektrik xətt təsərrüfatında bəzi təmir işləri aparılmışdır. Bizi əsas narahat edən məsələ Təngərüdçayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılmasıdır. Burada müəyyən işlər görülüb və davam etdiriləcəkdir.

Şahağac kəndi dəniz sahilində yerləşdiyindən burada turizmin inkişafından ötrü əlverişli şərait vardır. Məlumat üçün bildirim ki, gələcək planlarımızda Qamışobadan Astara şəhərinədək Xəzər dənizinin sahili boyunca yeni turizm zonasının yaradılması vardır.

Dövlətimiz aqrar sahənin inkişafına da böyük diqqət yetirir. Cənab Prezident İlham Əliyev 2017-ci ildə çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə əlaqədar Dövlət Proqramının qəbul edilməsi barədə Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq yeni salınan sitrus bağlarının hər hektarına görə kifayət qədər subsidiyanın verilməsi nəzərdə tutulub. Bundan başqa hər il güzəştli qaydada verilən gübrələr də bu sahələrin inkişafı üçün olduqca səmərəlidir.  Sevindirici haldır ki, Şahağac kəndində də yeni innovativ sitrus meyvə bağlarının salınmasına başlanılmışdır. Bu, həm yeni iş yerlərinin açılması deməkdir, həm də yaxşı gəlirli bir sahə olduğundan sizə də təsərrüfatlarınızda yetişdirməyinizi tövsiyə edirəm.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, ordumuzun şücaəti və xalqımızın birliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında qazandığımız misilsiz qələbədən, işğaldan azad edilmiş torpaqlarda aparılan sürətli bərpa və quruculuq işlərindən danışan icra başçısı, eyni zamanda xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezidentin atdığı qətiyyətli addımlar barədə geniş məlumat vermişdir.  Qeyd etmişdir ki, ötən ay ölkəmiz daha bir uğura imza atdı. Dünyanın 200-ə qədər dövlətindən gəlmiş 80 minə qədər nümayəndənin iştirakı ilə keçirilən COP29 qəbul edilmiş mühüm qərarlarla yaddaşlarda qaldı.

Azərbaycanın bugünkü inkişafı, ölkədə hökm sürən sabitlik və əmin-amanlıq Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi və dönməz iradəsinin nəticəsidir. İndi Azərbaycan dünya ölkələrinin etibarlı tərəfdaşına çevrilmişdir.

Görüş iştirakçıları müstəqil dövlətimizin inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi məqsədyönlü tədbirlərə görə ölkə başçısı cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.

Sakinlər kənddə turizmin inkişaf etdirilməsinə, sitrus sahələrinin artırılmasına, bankomatın qoyulmasına və Təngərüdçayda sahilbərkitmə işlərinin aparılmasına  köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi görüşə görə minnətdarlıq etmiş, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır.

Keçidlər