Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şahağac kəndində səyyar qəbul

19 dekabr 2023 | 20:20

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşünü rayonun Şahağac kəndində keçirtmişdir. Görüşdə  rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, rayonun yaşayış məntəqələrində əhali ilə keçirilən səyyar qəbullar ənənəvi hal almışdır. Məqsəd sakinləri dinləyərək söylədikləri problemlər və verdiyi təkliflərin müzakirə edilərək həllinə köməklik göstərməkdir. Şahağac kəndində keçirtdiyimiz görüşlər həmişə səmərəli olmuş, problemlərin həlli istiqamətində tədbirlər görülmüşdür.

İcra başçısı qeyd etmişdir ki, bu il xalqımız və dövlətimiz üçün ən uğurlu, yaddaqalan illərdən biridir. Sentyabrın 19-da erməni terrorçularına qarşı keçirilən və cəmi bir sutka davam edən antiterror tədbirləri nəticəsində uzun illər Qarabağda kök salmış terror yuvası məhv edilərək ölkəmizə qarşı təhdidlər yaşadan separatçı radikal qüvvələrin zərərsizləşdirilməsi xalqımız üçün ən sevindirici hadisə oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın böyük bir terrorçu dəstəni qısa müddətdə məğlub etməsi bütün dünyada təəccüblə qarşılansa da, bu həqiqətdir. Vətən müharibəsində olduğu kimi Ali Baş Komandanımız sərkərdəlik məharətini, rəşadətli ordumuz yenilməzliyini bir daha sübut edərək dünya hərb tarixinə yeni səhifə yazdılar. Nəhayət ki, xalqımız azad nəfəs aldı. Radikal, revanşist qüvvələrin məğlubedilməz hesab etdikləri rəhbərlərinin tərksilah edilərək qanun qarşısına çıxarılmaları haqq-ədalətin bərpasının ən böyük nümunəsidir.   

Cənab İlham Əliyevin qalib Prezident kimi Xocalıda, Xocavənddə, Əskəranda, Sərsəng su anbarı ərazisində və Xankəndidə şanlı bayrağımızı qaldırdığı 15 oktyabr tarixi xalqımızın ən böyük arzusunun çin olduğu gündür. Artıq bütün dünyanın xalqımızı qalib xalq kimi tanıması olduqca qürurvericidir. Torpaqlarımızı azad etməklə bütün dünyaya Vətən sevgisinin nə demək olduğunu sübut etdik. Artıq fəxrlə deyirik ki, biz qüdrətli Azərbaycan dövlətinin vətəndaşlarıyıq.

2023-cü il yekunlaşmaq üzrədir. Bütün Respublikada olduğu kimi rayonumuzda da il ərzində xeyli iş görülmüşdür. Bütün sahələrdə nailiyyətlərimiz olub. Şahağac kəndində abadlıq işləri aparılmış, qonşu Qamışoba kəndində salınan turizm obyektlərinin inşası davam etmişdir. Gələn il daha mühüm işlərin görülməsi nəzərdə tutulmuşdur. Ən əsası cənab Prezidentin Sərəncamı ilə dəyişdirilməsi nəzərdə tutulan Ələt-Astara dəmiryol xəttinin eyniadlı magistral avtomobil yoluna paralel köçürülməsinə başlanacaqdır. Bunun Şahağac kəndinə, ümumiyyətlə, rayonumuza böyük faydası olacaq. Dəmiryol xəttinin yaşayış məntəqələrinin içərisindən çıxarılması ilə Xəzər dənizinin qarşısı tamamilə açılacaq və yeni turizm obyektlərinin salınması üçün böyük imkanlar yaranacaqdır.

Gələn ilin ən mühüm hadisəsi isə fevralın 7-də keçirilməsi nəzərdə tutulan Prezident seçkiləridir. Rayonumuzun vətəndaşları hələ Ulu Öndərin dövründə həmişə düzgün seçim apararaq Heydər Əliyev siyasətinə sadiqlik göstərmiş, sonrakı illərdə bu siyasətin layiqli davamçısı Prezident cənab İlham Əliyevə səs vermişlər. İnanıram ki, astaralılar bu seçkidə də doğru seçim edərək öz layiqli namizədinə səs verəcəklər.   

Görüş iştirakçıları cənab Prezidentin müstəqil dövlətimizin inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi məqsədyönlü tədbirləri ürəkdən bəyəndiklərini və hər zaman olduğu kimi bundan sonra da  dəstəkləyəcəyini, prezident seçkilərində cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini birmənalı şəkildə bildirmişlər.

Sakinlər kənddə bankomatın qoyulmasına, ikinci marşrut avtobusunun ayrılmasına, suötürücü kanalların təmizlənməsinə, kəndə verilən təbii qazın təzyiqinin artırılmasına, elektrik xəttinə yaxın olan ağacların budanmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, kəndin mərkəzi küçəsində olan səkilərin təmir edilməsinə, asfalt olunmuş məhəllə yolunun davamı olaraq daha 400 metr yolun təmir edilməsinə, dəniz və çay sahili boyu ərazilərdə məişət tullantılarının yığılması üçün tədbirlərin görülməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri müəyyən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, digərləri barədə müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

Keçidlər