Şahağac kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul və görüşü Şahağac kəndində keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, Şahağac kəndi rayonun ən böyük yaşayış məntəqələrindən biridir. Son illər kənddə xeyli iş görülüb. 6 kilometrə qədər yol asfaltlaşdırılmış, əsas suötürücü kanallar lildən təmizlənmiş, körpələr evi-uşaq bağçasının əsaslı təmiri başa çatdırılaraq kollektivin istifadəsinə verilmiş, köhnə elektrik xətləri yenilənərək SİP kabellə əvəz edilmiş, yeni sürətli internet şəbəkəsi yaradılmış, Şahağac kənd 1 saylı tam orta məktəbin əsaslı təmiri davam etdirilir. İl ərzində 1 saylı məktəbin yolunun asfaltlaşdırılması nəzərdə tutulmuşdur. Təngərüdçayda müəyyən sahilbərkitmə və məcratəmizləmə işləri aparılsa da, işlərin davam etdirilməsi planlaşdırılmışdır. Bunu da qeyd edim ki, bizi əsas düşündürən Pensər-Şahağac və Çayoba-Pensər-Kakalos-Qamışoba avtomobil yolunun əsaslı təmiri də yaxın vaxtlarda aparılacaqdır.
Şahağac kəndi dəniz sahilində yerləşdiyindən burada turizmin inkişafından ötrü əlverişli şərait vardır. Artıq Qamışoba kəndində yeni turizm obyektləri tikilmiş, burada xeyli kənd sakini üçün məşğulluq imkanları yaradılmışdır. Məlumat üçün bildirim ki, planımızda gələcəkdə Qamışobadan Astara şəhərinədək Xəzər dənizinin sahili boyunca yeni turizm zonasının yaradılması vardır.
Dövlətimiz aqrar sahənin inkişafına da böyük diqqət yetirir. Cənab Prezidentin Sərəncamına əsasən yeni salınan sitrus bağlarının hər hektarına verilən subsidiya imkanlarından yararlanmaqla, Şahağac kəndində xeyli ərazidə yeni innovativ sitrus meyvə bağları salınmışdır. Subsidiyadan əlavə hər il güzəştli qaydada verilən gübrələr də bu sahələrin inkişafı üçün olduqca səmərəlidir. Dövlətimizin yaratdığı bu imkanlardan istifadə etmək üçün təsərrüfatlarınızı genişləndirməyinizi bir daha sizə tövsiyə edirəm.
Məktəblərin maddi-texniki bazalarının yaxşılaşdırılması şagirdlərin nailiyyətlərinin artmasına öz müsbət təsirini göstərir. Bunu Şahağac kənd məktəblərinin məzunlarının ali məktəblərə qəbul imtahanlarında qazandığı yüksək nəticələrdən görürük. Dövlətimiz və xalqımız üçün bilikli, vətənpərvər gənclər yetişdirdiyinə görə müəllimlərə və valideynlərə təşəkkürümü bildirirəm.
İcra başçşısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, ordumuzun şücaəti və xalqımızın birliyi ilə qazanılan misilsiz qələbədən, işğaldan azad edilmiş torpaqlarda aparılan sürətli bərpa və quruculuq işlərindən danışmış, eyni zamanda xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezidentin atdığı qətiyyətli addımlar barədə iştirakçılara məlumat vermişdir.
Görüş iştirakçıları vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə görə ölkə başçısı cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Sakinlər Şahağac kənd 2 saylı tam orta məktəbin qarşısından keçən avtomobil yolunda piyada keçidi və sürət həddinə nəzarət edən yol nişanlarının quraşdırılmasına, folklor evinin təmir edilməsinə, məhəllə yolunun təmir edilməsinə və həmin ərazidə yerləşən suötürücü kanalın təmizlənməsinə, Təngərüdçayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılmasına, bankomatın qoyulmasına, yüksək gərginlikli elektrik xətlərinin və qəzalı vəziyyətdə olan dirəklərin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı səmimi görüşə görə minnətdarlıq etmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.







