Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Şanlı Zəfərimizin 5 illiyi Astarada qeyd edildi

08 noyabr 2025 | 14:24

Zəfər Günü ilə əlaqədar Astara rayonunda bir sıra tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və  hüquq-mühafizə orqanlarının rəhbərləri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini və şanlı qələbəmizi əks etdirən Zəfər Parkını ziyarət etmiş, abidələrin önünə gül dəstələri qoymuşlar.

Sonra rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Astara park-bulvar kompleksində təşkil olunmuş bayram şənliyinə qatılmışlar. 

İcra başçısı Qəzənfər Ağayev iştirakçıları təbrik edərək bildirmişdir ki, bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizin beşinci ildönümünü böyük sevinc, coşqu və qürur hissi ilə qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, qüdrətli sərkərdə, cənab Prezident İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun, mübariz Azərbaycan xalqının yazdığı ən böyük qəhrəmanlıq dastanıdır.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi cəmi 44 gün sonra Ermənistanın acı məğlubiyyəti, Azərbaycanın mütləq qələbəsi ilə başa çatdı.

2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri isə cəmi 23 saat davam etdi. Qəhrəman oğullarımız dünya hərb tarixində misli-bərabəri olmayan sücaət göstərərək Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri və separatçılarını ağ bayraq qaldıraraq təslim olmağa məcbur etdi. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi.

Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu siyasətini və başlatdığı mübarizəni cənab İlham Əliyev inamla davam etdirərək Ata vəsiyyətini yerinə yetirdi. Şanlı Bayrağımızı Xankəndidə və işğaldan azad edilmiş bütün torpaqlarımızda yüksəldərək sülhü, əmin-amanlığı bərqərar etdi.

Haqqı, ədaləti bərpa edərək əzəli və əbədi torpaqlarımızı 30 illik erməni işğalından azad etdiyinə, Azərbaycan xalqına böyük Zəfər sevinci və qalibiyyət qüruru bəxş etdiyinə görə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və şanlı tarix yazan rəşadətli Ordumuza dərin minnətdarlığımızı bildiririk! Qəhrəman şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

İcra başçısı qeyd etmişdir ki, bu il ölkəmizdə həm də Konstitusiya və Suverenlik ilidir. Biz sülhü, əmin-amanlığı təbliğ edən suveren Azərbaycanın qalib xalqı olmağımızla fəxr edirik. Hazırda cənab Prezident Bakı şəhərində bir sıra ölkələrin rəhbərləri ilə birlikdə hərbi paradı qəbul edir. Bu parad döyüşlərdən qalib çıxmış, müqəddəs torpaqlarımızı işğaldan azad etmiş rəşadətli ordumuzun qələbə yürüşüdür. Bu hər bir vətəndaşımıza sonsuz qürur hissi yaşadır. Azərbaycan xalqına hər zaman Qələbə yaraşır.

Sizi şanlı Zəfərimizin 5 ili və 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə təbrik edir, xoşbəxt günlər arzulayıram!

 

Eşq olsun rəşadətli Azərbaycan ordusuna!

Yaşasın müstəqil, suveren Azərbaycan!

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!

 

Tədbirdə şəhid övladları və məktəblilər şeirlər səsləndirmiş, müğənnilər vətənpərvər mahnıları ifa etmişlər.

Bayram şənliyi gün ərzində konsert proqramı ilə davam edərək axşam saatlarında atəşfəşanlıqla başa çatacaqdır.

 

Keçidlər