Şəhid ailələri və qazilərlə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 27 Sentyabr Anım Günü ərəfəsində şəhid ailələri və qazilərlə görüşmüşdür. İcra başçısı Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizə ehtiram əlaməti olaraq hər il 27 sentyabr tarixinin Respublikamızda Anım Günü kimi qeyd olunduğunu bildirmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla yad edilmişdir.
İcra başçısı ermənilərin Qafqaz regionunda məqsədli şəkildə məskunlaşdırılmasından, onların tarixi Azərbaycan torpaqlarında yaşadıqları dövrdə zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırım və deportasiyaları barədə iştirakçıları məlumatlandırmışdır. Qeyd etmişdir ki, ermənilərin bu regionda yaşamasının cəmi 200 illik tarixi olmasına baxmayaraq törətdikləri vəhşiliklər heç bir sözə sığmır. Soydaşlarımızın Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiyası sovet dövründə də davam etmiş və sovet rəhbərliyi tərəfindən də sükutla qarşılanmışdır. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Həmin dövrdə Azərbaycanda hökm sürən hakimiyyətsizlik, anarxiya, xaos və hərc-mərclikdən istifadə edən Ermənistan xarici havadarlarının köməkliyi ilə torpaqlarımızın 20 faizini işğal etdi, bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan didərgin salındı.
Bütün bu faciələrə isə 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli tələbləri ilə yenidən hakimiyyətə gələn, xalqının xilaskarına çevrilən Heydər Əliyevin qayıdışı ilə son qoyuldu. Ulu Öndərin rəhbərliyi ilə Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs müqaviləsi imzalandıqdan sonra Milli Ordunun formalaşması daha da sürətləndi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə modernləşdirilərək dünyanın ən güclü ordularından birinə çevrildi. Azərbaycan əzəli torpaqlarını erməni işğalından məhz bu güclü, nizami ordusu sayəsində azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına icra etməyə məcbur oldu.
Ermənistanın işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, qoşunların təmas xəttində gərginliyi artırması, böyük həcmdə silah-sursat toplaması düşmənin genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Buna cavab olaraq 2016-cı il aprel ayında Lələtəpə, 2018-ci il may ayında Günnüt və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan düşmənin layiqli cavabını verdi. Lakin Ermənistan bunlardan nəticə çıxarmayaraq ölkəmizə qarşı diversiyaları davam etdirdi. Ali Baş Komandan İlham Əliyev azğınlaşmış düşmənin hərbi təxribatının qarşısını almaq, onu təcavüzkarlıq siyasətinə son qoymağa məcbur etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əmri verdi.
2020-ci ilin 27 sentyabrında rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə qarşı əks-hücum əməliyyatına başlayaraq şanlı Zəfər tarixinə yol açdılar. Qəhrəman ordumuz təcavüzkar, işğalçı, qatil Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemlərini məharətlə yarıb keçdilər, torpaqlarımızı qanları və canları bahasına işğaldan azad etdilər. Şəhidlərimizin, itkin düşmüş minlərlə soydaşlarımızın qisası döyüş meydanında alındı.
Bu haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır.
Biabırçı məğlubiyyətdən dərs almayan, çirkin niyyətlərindən əl çəkməyən erməni revanşistləri sonuncu ən böyük zərbəni 2023-cü ilin 19 sentyabr tarixində antiterror əməliyyatında aldılar. İgid oğullarımız cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər.
Astara rayonu da birinci Qarabağ müharibəsində, Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında 127 nəfər şəhid vermişdir. Bizə böyük qələbənin sevincini bəxş edən, adını zəfər tariximizə əbədi həkk edən şəhidlərimizin hər biri fəxrimiz, qürurumuzdur. Şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla anır, Allahdan rəhmət diləyirik.
Hazırda erməni işğalından azad edilmiş, Şanlı Bayrağımızın dalğalandığı Qarabağın və Şərqi Zəngəzurun hər yerində cənab Prezidentin rəhbərliyi ilə sürətli quruculuq bərpa işləri aparıldığını, vəhşi düşmənin dağıtdığı, viran qoyduğu şəhər və kəndlərimizin bərpa edildikcə soydaşlarımızın doğma yurdlarına qayıtdığını qeyd edən icra başçısı, yurdumuzun bu dilbər guşəsinin tamamilə cənnətə çevriləcəyini və əvvəlki şöhrətinə çatacağını əminliklə söyləmişdir.
Tədbirdə şəhid Pəncəli Teymurovun anası Vahimə Ağayeva, şəhid Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, Aprel döyüşü iştirakçısı Orxan Əliyev, Vətən müharibəsi qazisi, Azərbaycan Bayrağı Ordenli Rüfət Əsədullayev, RMX-nın direktoru, Vətən müharibəsi iştirakçısı Bahadır Əhmədov, şəhid Pəncəli Teymurov və Vətən müharibəsi şəhidləri haqqında “Tanrı dərgahında ucadır adın” kitabının müəllifi Sürəddin Əliyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi ilə qürur duyduqlarını, şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını söyləmişlər.







