Seləkəran kəndində səyyar qəbul və görüş
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirdiyi səyyar qəbul və görüşün növbəti ünvanı Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Seləkəran kəndi olmuşdur. Rayonun inzibati orqanlarının, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə sakinlər onları düşündürən, narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparmışlar.
İcra başçısı görüş iştirakçılarını ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, əldə edilən yüksək nailiyyətlər və ölkəmizdə həyata keçirilən çoxsaylı qlobal layihələrin uğurlu icrası barədə məlumatlandırmışdır. Qeyd etmişdir ki, rayonumuzda, o cümlədən, Seləkəran kəndində də quruculuq-abadlıq sahəsində müəyyən işlər görülmüşdür. Pandemiya dövründə bir müddət görüşə bilməsək də daim problemlərlə maraqlanmış, həlli barədə tədbirlər görmüşük. Əvvəllər Astaraçayda suyun səviyyəsinin qalxması ilə ərazini su basır, fərdi təsərrüfatlara ziyan vurur, problemlər yaradırdı. Çayda sahilbərkitmə işləri aparılandan sonra bu problem həllini tapmışdır. Eyni zamanda suötürücü kanalların vaxtında qazılaraq təmizlənməsi bu sahədə vəziyyəti daha da yaxşılaşdırmışdır.
İcra başçısı qarşıda duran vəzifələr barədə məlumat verərək, görüş iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət etmişdir.
Sakinlər son illərdə rayonumuzun şəhər, qəsəbə və kəndlərində görülən işləri yüksək qiymətləndirmiş, bütün bunlara görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda kənd ara yollarının, qəzalı vəziyyətdə olan telefon xətlərinin və dirəklərinin təmiri, elektrik xətt təsərrüfatının yenilənməsi, Seləkəran kənd ümumi orta məktəbin qarşısında piyada keçidi üçün yol nişanının qoyulması, dəyişdirilmiş qaz sayğaclarında yazılan əsassız cərimələrin araşdırılması, yeni məktəb binasının tikintisi, kəndə içməli su xəttinin çəkilməsi barədə təkliflər vermiş, köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı sakinlərin arzu və təkliflərini dinləmiş, müəyyən məsələlərin həlli ilə əlaqədar rayonunun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar vermişdir. Yerlərdə belə səmərəli və işgüzar görüşlərin faydalı olduğunu, qaldırılan məsələlərin operativ həllinin mümkünlüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, narahatlıq doğuran ciddi problemlər həllini tapmışdır. Məktəb tikintisi ilə əlaqədar onu deməliyəm ki, rayonumuzda bu istiqamətdə böyük işlər görülüb. Elə bu nümayəndəliyin ərazisində tikintisinə daha çox ehtiyac duyulan Suparibağ, Rudəkənar, Qapıçıməhəllə kəndlərində müasir tipli yeni məktəb binaları tikilmişdir. Bu bina da təmir olunubdur. Hazırda ilk növbədə qəzalı məktəblərin tikintisinə üstünlük verilir. Onlar tikiləndən sonra yaxın gələcəkdə bu kənddə də yeni məktəb binası inşa olunacaq.
İçməli su xəttinin kəndin mərkəzinə çəkilməsinə, əhalinin istifadəsi üçün bir neçə yerdə çıxışların verilməsinə köməklik olunacaqdır. Digər məsələlər də bir daha araşdırılacaq, həlli istiqamətində tədbirlər görüləcəkdir.