Seləkəran kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Seləkəran kəndində əhali ilə növbəti səyyar qəbul və görüş keçirtmişdir. Rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə sakinlərlə onları düşündürən, narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
İcra başçısı yerlərdə belə səmərəli və işgüzar görüşlərin faydalı olduğunu, qaldırılan məsələlərin operativ həllinin mümkünlüyünü diqqətə çatdırmışdır. Bundan əvvəl keçirilən görüşdən ötən müddət ərzində sakinlər tərəfindən qaldırılan problemlərin əksəriyyətinin həllini tapdığını bildirərək qeyd etmişdir ki, kəndin böyük bir yaşayış məhəlləsinin yolu asfaltlaşdırılmış, bu il davamı aparılacaqdır. Elektrik xətt təsərrüfatında yenilənmə aparılmış, transformatorlar təmir edilmiş, suötürücü kanallar lildən təmizlənmişdir. Məktəb binası köhnə olduğundan yaxın illərdə burada modul tipli məktəb binasının quraşdırılması nəzərdə tutulmuşdur.
Seləkəran və qonşu Rudəkənar kəndləri böyüyərək şəhərə birləşdikləri üçün bu kəndlərin Astara şəhərinin inzibati ərazisinə daxil edilməsi barədə müraciətimiz yuxarı təşkilatlar tərəfindən dəyərləndirilmiş, yəqin ki, yaxın gələcəkdə müsbət həllini tapacaqdır. Bu məsələ həll olunandan sonra Seləkəran kəndinin daha da abadlaşaraq inkişaf etməsi üçün imkanlar genişlənəcəkdir.
İcra başçısı görüş iştirakçılarını ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxsaylı qlobal layihələrin uğurlu icrası barədə məlumatlandırmış, ərazi bütövlüyünü bərpa etmiş, müstəqil, suveren Azərbaycanımızın beynəlxalq aləmdə mütərəqqi siyasət yürüdən, sülhsevər ölkə kimi tanındığını bildirmişdir.
İcra başçısı qarşıda duran vəzifələr barədə məlumat verərək, görüş iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət etmişdir.
Sakinlər son illərdə rayonumuzun şəhər, qəsəbə və kəndlərində görülən işləri yüksək qiymətləndirmiş, bütün bunlara görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda Seləkəran kənd ümumi orta məktəbi üçün yeni binanın tikilməsi, kənd ara yollarının təmir edilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi və SİB kabelləşdirilməsi, kəndə içməli su xəttinin çəkilməsi və məktəbin həyətində qəzalı vəziyyətdə olan ağacın götürülməsi üçün texnika verilməsi barədə təkliflər vermiş, köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı sakinlərin arzu və təkliflərini dinləmiş, müəyyən məsələlərin həlli ilə əlaqədar rayonun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.







