Səlivə kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Səlivə kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, əvvəllər keçirtdiyimiz görüşlər həmişə səmərəli olumuşdur. Son illər kənddə çoxlu işlər görülüb. Yollar bərbad vəziyyətdə olduğundan əvvəllər bu kəndə çətinliklə gələrdik. Müraciətiniz əsasında dəstəyimizlə kənd ara yollarına çınqıl döşənmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılaraq elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Ən böyük problemlərdən biri olan, uzun müddət hər birimizi narahat edən kəndə qaz çəkilişi məsələsi nəhayət ki, həllini tapmışdır. Qaz xəttinin çəkilişi tam başa çatdırılmış, yaxın günlərdə açılışı olacaqdır. Bu cənab Prezidentin siz sakinlərə ən böyük hədiyyəsidir. Bu kəndlə yanaşı hazırda Vənəşikəş, Noyabud və Burzubənd kəndlərinə də təbii qaz xəttinin çəkilməsinə başlanıllmışdır.
Kənddə böyük problemlərin qalmadığını qeyd edən icra başçısı səmimi görüşə görə sakinlərə minnətdarlıq etmiş, işgüzarlıqlarını, torpağa bağlı olmalarını yüksək qiymətləndirmişdir. Yaxınlıqda fəaliyyət göstərən və respublikada ilk dəfə bu ərazidə yaradılan avokado və digər meyvə bağlarında çalışmaqla yanaşı, təcrübə toplayaraq öz təsərrüfatlarında da bu ekzotik meyvə sortlarından yetişdirməyi tövsiyə etmişdir. Gözəl mənzərəsi olan kəndin yaşıllıqlarını qorumağı, ərazini təmiz saxlamağı tapşırmış, cənab Prezident tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini bildirərək noyabr ayında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbir barədə məlumat vermişdir.
Tədbirdə çıxış edənlər cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasəti ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bildirmişlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmiş, sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. Çıxış edənlər görülən işlərlə yanaşı kənddə əlavə elektrik transformatorunun qoyulmasına, məişət tullantılarının yığılmasından ötrü sosial işçinin ayrılmasına, maddi imkanı olmadığına görə fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Sonda icra başçısı ərazidə salınmış avokado bağına gedərək burada görülmüş işlərlə tanış olmuş, ekzotik meyvənin becərilməsi ilə maraqlanmışdır. Təsərrüfat barədə icra başçısına məlumat verilərək Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda ilk dəfə bu ərazidə avokado bağının salındığı bildirilmişdir. 42 hektarlıq təsərrüfatda 7 növ avokado ilə yanaşı 10 hektarda limon bağının salındığı, 15 nəfərin daimi işlə təmin olunduğu, məhsuldarlıq səmərəli olarsa, gələcəkdə təsərrüfatın genişləndiriləcəyi barədə məlumat verilmişdir.