Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Səlivə kəndində səyyar qəbul və görüş

24 iyul 2026 | 15:24

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Səlivə kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı kəndlərində son illər xeyli iş görülüb. Bunların əksəriyyəti səyyar qəbullarda verdiyiniz təkliflər əsasında görülmüşdür. İki il əvvəl sizin iştirakınızla kəndə təbii qazın verilməsini qeyd etdik. Hazırda qonşu Ojakəran, Burzubənd Vənəşikəş kəndlərində qaz çəkilişi davam edir. Bu layihə başa çatandan sonra Noyabud kəndinə qaz çəkilişinə başlanılacaqdır. Keçən il Sərək kəndində inşa edilmiş müasir tipli yeni məktəb binasının açılışını etdik. Bundan başqa kəndarası yollar əsaslı təmir olunmuş, sürətli internet xətti çəkilmişdir. Elektik xətt təsərrüfatında bəzi təmir işləri aparılsa da bu sahədə işlər ürəkaçan deyil. Şəbəkənin rəhbərliyi bunun üçün tədbirlər müəyyənləşdirməlidir. 

Yaxınlıqda avokado meyvə bağı salınmış, yəqin gələcəkdə bu təsərrüfat daha da genişləndiriləcəkdir. Səlivə kəndi də rayonumuzun digər yaşayış məntəqələri kimi əsasən subtropik və sitrus bitkilərinin yetişdirilməsi üçün əlverişlidir. Baxıram yaxşı təsərrüfatlarınız var. İnsanlar zəhmətkeşdirlər. Ancaq təsərrüfatlarınızı daha da genişləndirməyi tövsiyə edirəm. Bir daha xatırladım ki, dövlətimiz əkilən yeni sitrus bağlarının hər hektarına görə 9-11 min manat məbləğində subsidiya verir. Sonrakı illər üçün əlavə olaraq digər güzəştlər də vardır.

Yəqin məlumatınız var ki, bu yaxınlarda cənab Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmiş, Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur. Rayonumuzda bununla bağlı artıq işlərə başlanılmış, hazırda torpaqların uçotunun dəqiqləşdirilməsi aparılır. Bütün əkinə yararlı torpaq sahələri əkin dövriyyəsinə qaytarılmalı, ölkədə məhsul bolluğunun yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi üçün əlimizdən gələni etməliyik. Siz də torpaqların təyinatı üzrə istifadəsinə diqqəti artırmalısınız.

İcra başçısı hazırda regionlarda, xüsusən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr barədə iştirakçıları məlumatlandırmış, düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizin bərpası, tamamilə yenidən qurulan bu məkanlara soydaşlarımızın sevinə-sevinə qayıdaraq məskunlaşmasından danışmışdır. Eyni zamanda aparılan quruculuq, abadlıq işləri ilə gündən-günə siması dəyişən rayonumuzda hazırda görülən işlər barədə də vətəndaşlara məlumat vermiş, bütün işlərin cənab Prezidentin rəhbərliyi və göstərişi ilə həyata keçirildiyini vurğulamışdır.   

Görüş iştirakçıları rahat yaşayışlarının təmin edilməsi istiqamətində ölkə rəhbərinin gördüyü işləri yüksək dəyərləndirmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını bildirmişlər.  

Sakinlər kənddə çıxarışı olmayan evlərin qazlaşdırılmasına, elektrik xətt təsərrüfatının yenilənməsinə və əlavə transformatorun qoyulmasına, kənddən keçən çaya məişət tullantılarının tökülməsinin qarşısının alınmasına, kənd ara yollarının təmiri üçün çaydan material götürülməsinə, maddi imkanı olmadığı üçün fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflər və qaldırılan problemlərə münasibət bildirmiş, həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər