Şəmətük kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şəmətük kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənddə bir neçə dəfə səyyar qəbullar keçirdiyini, qaldırılan məsələlərin həllinə köməklik göstərildiyini qeyd etmişdir. Kəndə gələn avtomobil yolu yaxınlıqda yerləşən “Gölkənd” istirahət mərkəzinə qədər asfaltlaşdırılmış, qalan yola çınqıl döşənərək təmir edilmişdir. Bundan başqa kəndin mərkəzində də müəyyən məsafədə yol asfaltlaşdırılmış, Təngərüd çayı üzərində bir neçə körpü salınmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, sürətli internet xətti çəkilmişdir.
Dağlıq ərazidə yerləşən Şəmətük kəndinin torpaqları münbit və məhsuldardır. Yaxşı sitrus bağlarının olması sakinlərin zəhmətkeşliyini göstərir. Təsərrüfatları genişləndirmək lazımdır. Bilirsiniz ki, ölkədə ərzaq bolluğu yaratmaq, həm də idxaldan asılılığı azaltmaqan ötrü cənab Prezidentin Sərəncamı ilə kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı yeni Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramda çox mühüm vəzifələr qarşıya qoyulmuşdur. Əkinə yararlı torpaqları dövriyyəyə qaytarmqla rayonumuz üçün xarakterik olan kənd təsərrüfatı bitkilərinin əkininə xüsusi diqqət yetirməliyik.
Bu ərazilər rayonumuzun ən səfalı yerlərindən biridir. Turizmin inkişafı üçün böyük imkanlar vardır. Yollar təmir ediləndən sonra bu istiqamətdə gələn turistlərin sayı ildən-ilə artır.
Kəndin əsas problemi təbii qaz xəttinin çəkilməsidir. Məlumat üçün deyim ki, hazırda rayonun Burzubənd və Vənəşikəş kəndlərinə qaz xəttinin çəkilişi davam edir. Şəmətük kəndinə də qaz xəttinin çəkilməsi planlaşdırılır.
İcra başçısı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə həyata keçirilən qlobal layihələrdən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda düşmən tərəfindən dağıdılmış infrastrukturun sürətli bərpasından danışmış, bütün bu işlərdə bir vətəndaş olaraq bizim də üzərimizə düşən vəzifələri layiqli şəkildə yerinə yetirməli olduğumuzu bildirmişdir.
Son illər rayonumuzda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran icra başçısı bu istiqamətdə işlərin davamlı olacağını bildirmiş, bütün görülən işlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasətinin dayandığını diqqətə çatdırmışdır. Bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə respublikamız və rayonumuzda abadlıq-quruculuq işlərinin güclü iqtisadiyyatımızla bağlı olduğunu qeyd etmişdir.
Sakinlər sosial layihələrin icrası ilə rifahlarının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətə görə möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Vaxtaşırı kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmiş, Şəmətük kəndinə qaz xəttinin çəkilməsinə, avtomobil yolunun asfalt olunmasına, elektrik xətt təsərrüfatının yenilənməsinə, kəndin mürəkkəb dağlıq relyefdə yerləşdiyindən yuxarı sinif şagirdlərinin Tüləküvan kənd tam orta məktəbinə getmələri üçün nəqliyyat vasitəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.







