Səncərədi kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kəndində keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq ötən müddət ərzində Səncərədi nümayəndəliyində böyük layihələrin həyata keçirildiyini qeyd etmişdir. Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması, kənd ara yollarının bir neçəsinin asfaltlaşdırılması, Səncərədi və Artupa kənd tam orta məktəbləri, eləcə də Səncərədi kənd körpələr evi-uşaq bağçası üçün yeni binaların tikilərək istifadəyə verilməsi, suvarma kanallarının mütəmadi olaraq lil və palçıqdan təmizlənməsi, nümayəndəliyə daxil olan bütün kəndlərin qazlaşdırılması və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi sizin əvvəlki görüşlərdə qaldırdığınız məsələlərə həssalıqla yanaşıldığının bariz nümunəsidir. Əlbətdə həyat davam edir, ölkəmiz, o cümlədən, rayonumuz günü-gündən inkişaf edir. Yeni tələblər, yeni təkliflər yaranır, biz də cənab Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə səyyar görüşlər keçirməklə bunları sizinlə müzakirə edərək həlli istiqamətində tədbirlər görürük.
Kənd sakinləri çıxış edərək ümummilli lider Heydər Əliyevin siyasi xəttini layiqi ilə davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin günü-gündən artan nüfuzu və güçündən, həyata keçirilən möhtəşəm layihələrdən qürurla danışaraq möhtərəm Prezidentə minnətdarlıq etmişlər. Rayon rəhbərliyinə səmimi görüşə və qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər.
Sakinlər görülən işlərlə yanaşı məhəllə yollarının və körpünün təmirinə, yeni salınmış yaşayış massivinə qaz xəttinin çəkilməsinə, Siyatük kəndindən gələn kanalın qazılaraq təmizlənməsinə, rayonda aqroservisin yaradılmasına, əkin üçün texnika və toxum sortlarının gətirilməsinə, kənd təsərrüfatı üçün güzəştli kreditlərin verilməsinə, aqrar islahat zamanı kənd sakinlərinə verilmiş pay torpaq sahələrinin yerlərinin müəyyən edilməsində yaranmış problemin aradan qaldırılmaına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Görüş iştirakçılarına ölkə başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti ilə qazanılan uğurlar və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, cənab İlham Əliyevin çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra yüz hektarlarla kənd təsərrüfatına yararlı torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılmaqla uğurlu nəticələr əldə edilmişdir. Əsasən çəltikçilik və sitrusçuluqla məşğul olan Səncərədi nümayəndəliyinin sakinlərinin də bu sərəncamın icrasında öz töhfələrini verməsi bizi sevindirir. Biz çalışmalıyıq ki, yeni torpaq sahələrini innovativ üsullardan istifadə etməklə əkin dövriyyəsinə qaytaraq, məhsuldarlığı artıraq. Br daha bildirmək istəyirəm ki, bu işlərdə həmişə olduğu kimi tərəfimizdən hər bir dəstək göstəriləcəkdir.
Bildiyiniz kimi, son zamanlar, xüsusilə də 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Tarixi Zəfərdən sonra fars-molla rejimi ölkəmizə, dövlətimizə və xalqımıza qarşı müxtəlif təxribatlara cəhd göstərir. Azərbaycan bütün dünya ölkələri ilə normal münasibətlər saxlasa da, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmir.
Xüsusil ilə qeyd etməliyəm ki, Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yaşayış məntəqələri sərhədyanı ərazidə yerləşdiyindən gecə-gündüz ayıq-sayıq olmalıyıq. İmkan verməməliyik ki, hansısa xoşagəlməz hallar baş versin. Həmişə olduğu kimi ölkə başçısının ətrafında sıx birləşməklə bu əmin-amanlığı, bu sabitliyi pozmağa cəhd göstərənlərə qarşı qətiyyətli mövqeyimizi göstərməliyik.