Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Səncərədi kəndində səyyar qəbul və görüş

24 noyabr 2023 | 16:23

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kəndində keçirtdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı sakinləri salamlayaraq son dövrdə Səncərədi nümayəndəliyində həyata keçirilən mühüm layihələrdən söhbət açmışdır. Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması, Səncərədi və Artupa kənd tam orta  məktəbləri, Səncərədi kənd körpələr evi-uşaq bağçası üçün müasir binalar tikilərək istifadəyə verilmişdir. Səncərədi kəndində bir neçə məhəllə yolları asfaltlaşdırılmış, körpü təmir edilmişdir. Suvarma kanalları mütəmadi olaraq lil və palçıqdan təmizlənir. Əhali fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təmin edilir. Nümayəndəlik ərazisində genişzolaqlı internet xətlərinin çəkilişi aparılır. Gördüyünüz kimi ərazidə əsas problemlər həllini tapmışdır. Bu dəfəki görüşümüzün məqsədi də sizi narahat edən məsələlərlə yerində tanış olmaq, təkliflərinizi dinləmək, birgə fəaliyyətimiz nəticəsində həllinə nail olmaqdır.

Kənd sakinləri ölkədə, xüsusi ilə işğaldan azad edilən, uzun illər erməni vandalları tərəfindən talanaraq viran qoyulmuş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma-bərpa işlərindən qürurla danışaraq Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə minnətdarlıq edərək həmişə olduğu kimi bundan sonra da ətrafında sıx birləşəcəklərini bildirmiş, rayon rəhbərliyinə səmimi görüşə görə təşəkkür etmişlər.

Sakinlər elektrik xətt təsərrüfatının yenilənərək SİP kabelləşməsinə, məhəllədə yeni transformatorun qoyulmasına, qazlaşdırılmamış evlərə qaz xəttinin çəkilməsinə, Səncərədi-Şuvaş yolunun və məhəllə yollarının təmir edilməsinə, məktəb yolunun asfaltlaşdırılmasına, suötürücü kanalın lildən təmizlənərək orada 1000 mm diametrlik borunun qoyulmasına, körpələr evi-uşaq bağçasında istilik sisteminin təmirinə, şəhid ailəsi üçün fərdi yaşayış evinin tikilməsinə, pay torpaq sahələrinin uçotu işində uyğunsuzluqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşları dinləyərək qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Qeyd etmişdir ki, əvvəlki görüşlərimizdə də, dəfələrlə pay torpaqlarının sərhədlərinin düzgün müəyyənləşdirilmədiyi barədə şikayətləriniz olurdu. Artıq bu məsələ həllini tapmaq üzrədir, rayona dəvət etdiyimiz mütəxəssislər tərəfindən sizin işirakınızla yerində araşdırmalar aparılaraq yeni xəritələr hazırlanır. Tezliklə pay torpaqlarınızdan səmərəli istifadə edəcəksiniz. Əminəm ki, Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin artan gücü sayəsində gələn görüşümüzədək digər məsələlər də həllini tapacaqdır.

İlk növbədə, bizi qələbəyə aparan əsas amillərdən olan gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində müstəsna əməyi keçən müəllimlərə, valideynlərə, xüsusən də, şəhid valideynlərinə hədsiz minnətdarlığımı bildirirəm.  

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edən Azərbaycanın zabit və əsgərləri əsl qəhrəmanlıq göstərmişdir. Şanlı Zəfərimizdən üç il vaxt keçsə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ərazimizi tərk etməməkdə israrlı olan erməni terrorçu dəstələri təxribatlar törədərək ölkəmiz üçün təhlükə mənbəyinə çevrilmişdi.  

Bu ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı ilə Rəşadətli Azərbaycan Ordusu 24 saat ərzində düşmən ordusunu təslim olmağa məcbur etdi. Hətta 30 il bundan əvvəl bizim torpaqlarımızda yaratdıqları qondarma rejimə də xitam verildi. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldırdı. Bundan böyük xoşbəxtlik ola bilməz. Azərbaycan dövləti bu gün bütün ərazilərinə nəzarət edir və dövlət suverenliyimiz tam bərpa edilmişdir.

8 noyabrda Zəfər Paradının Xankəndidə qəbul edilməsi Azərbaycan xalqının əyilməzliyini və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Biz beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə layiqli yerini göstərdik. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır.

Keçidlər