Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Səncərədi kəndində səyyar qəbul

26 noyabr 2025 | 12:37

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kəndində sakinlərlə səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.  

İcra başçısı nümayəndəliyin ayrı-ayrı kəndlərində sakinlərlə dəfələrlə görüşlərin keçirildiyini bildirmişdir. Bu görüşlərin həmişə səmərəli olduğunu, qaldırılan problemlərin həlli üçün aidiyyəti qurumlarla birgə vaxtında tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Son illər nümayəndəliyin bütün kəndlərinin əsas avtomobil yollarının və bir neçə məhəllə yolunun asfaltlaşdırıldığını, elektrik xətt təsərrüfatında təmir işlərinin aparıldığını, suötürücü kanalların lildən təmizləndiyini, sürətli internet şəbəkəsinin çəkildiyini bildirmişdir. Bu quruculuq, abadlıq işlərini birgə fəaliyyətin nəticəsi kimi izah edərək bunların davamlı olacağını vurğulamışdır. Nümayəndəlik ərazisində istifadəsiz qalan hektarlarla torpaqların əkin dövriyyəsinə daxil edildiyini qeyd edərək, sakinlərin pay torpaqlarından səmərəli istifadə etməklə bağçılığa, çəltikçiliyə, xüsusilə sitrus meyvəçiliyinə marağının artdığının sevindirici olduğunu bildirmişdir.   

İcra başçısı qeyd etmişdir ki, ən böyük uğurumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il düşmən tapdağında olan müqəddəs torpaqlarımızın qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində erməni terrorçularından azad edilməsidir. Vətənin müdafiəsinə könüllü yollanan rayonumuzun gəncləri arasında Səncərədi kənd ərazi nümayəndəliyindən olanlar daha çox idilər. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşən xalqımızın bu qəhrəman övladlarına ehtiramımız böyükdür. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, qazilərimizə, bütün hərbçilərimizə can sağlığı arzulayırıq. 

İcra başçısı ümumilikdə Respublikada görülən işlər, həyata keçirilən mühüm qlobal layihələr və rayonda aparılan tikinti-quruculuq, abadlıq işləri barədə də görüş iştirakçılarına geniş məlumat vermişdir. Qeyd etmişdir ki, cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda erməni vandallarının dağıdaraq viran qoyduğu şəhər və kəndlərimiz sürətlə bərpa edilir və soydaşlarımız tədricən doğma məkanlarına qayıdırlar.  Bununla yanaşı digər bölgələrimiz, o cümlədən rayonumuzda da böyük layihələr həyata keçirilir.

 Sakinlər ölkəmizi uğurlu sabahlara doğru inamla aparan Prezident möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə ayrı-ayrı sahələrdə qazanılan yüksək nailiyyətlərdən fəxrlə danışmış, əmin-amanlığın qorunması, vətəndaşların rifahının yaxşılaşdırılması ilə əlaqədar qəbul edilən mühüm qərarların müsbət nəticələrindən söz açmışlar. Bütün bunlara görə cənab Prezidentə minnətdarlıq edərək, yerlərdə əhali ilə səmimi ünsiyyət qurmaqla səyyar qəbullar keçirtdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. 

Eyni zamanda Səncərədi kənd tam orta ümumtəhsil məktəbinin qarşısındakı yolda avtomobillərin sürət həddinə riayət etməsi üçün tədbirin görülməsinə, elektrik xətlərinə yaxın olan ağacların budanmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, ictimai yaşayış binasının dam örtüyünün yenilənməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar idarə və müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir.

Keçidlər