Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sərək kəndində səyyar qəbul

13 yanvar 2024 | 11:39

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sərək kəndində  keçirtdiyi səyyar qəbul-görüşdə  rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı sakinləri salamlayaraq bildirmişdir ki, yola saldığımız 2023-cü il xalqımız, dövlətimiz üçün ən uğurlu illərdən biri oldu. 44 günlük Vətən müharibəsində xalqımız dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək qəhrəman əsgərlərimizin azğın düşmənlərə qarşı apardığı döyüşlərə böyük dəstək oldular. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri döyüşlə azad ediləndən sonra cənab Prezident bir şəhid vermədən üç böyük rayonumuzu - Laçın, Kəlbəcər və Ağdam rayonlarını təkbaşına azad etdi.

Ötən ilin 19 sentyabrında isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda yuva salan erməni terrorçuları darmadağın edilərək təslim edildilər. Qəhrəman əsgərlərimizin həmləsi qarşısında heç bir sutka duruş gətirə bilməyən terrorçuların ağ bayraq qaldırması ilə xunta rejiminin hökmranlığına son qoyuldu. Torpaqlarımızın işğalçılardan tamamilə təmizlənməsi ilə Qarabağda yarımçıq işlərimiz başa çatdı. Dövlət suverenliyimiz tam təmin olundu. Cənab Prezidentin 15 oktyabrda illərdir həsrətində olduğumuz Xocalıda, Xankəndidə və digər ərazilərimizdə Şanlı Bayrağımızı qaldırması xalqımıza ən böyük töhfə oldu. Bu Azərbaycanın tarixində görünməmiş bir hadisə idi. Bütün dünya Qalib Sərkərdəmizin, Müzəffər Ordumuzun və rəhbərinə hədsiz inanan xalqımızın gücünün və birliyinin şahidi oldu. Biz bununla qürur duyur, fəxr edirik. Hazırda erməni vandallarının vəhşicəsinə dağıtdığı, talan etdiyi Qarabağ torpağında sürətli, tikinti-quruculuq işləri aparılmaqla yanaşı, həm də soydaşlarımızın mərhələ-mərhələ doğma yurdlarına qayıdışına başlanmışdır.

Respublikamızın digər regionlarında, o cümlədən, rayonumuzda da abadlıq işləri davam edir. Son illər Sərək kəndində qazlaşdırma başa çatdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, avtomobil yolu asfaltlaşdırılmışdır. Hazırda Sərək kənd tam orta məktəbinin tikintisinə başlanmışdır.

Nümayəndəliyin ərazisinə daxil olan kəndlərin sakinləri zəhmətkeş, torpağa bağlı insanlardır. Cənab Prezidentin bölgəmizdə çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı imzaladığı Sərəncamlardan sonra ərazidə xeyli yeni bağlar salınmışdır. Ötən il ölkəmizdə ilk dəfə olaraq bu kənddə 40 hektar ərazidə avokado bağı salınmışdır ki, gələcəkdə bu bağlardan yığılan məhsul alıcılara Astara brendi kimi təqdim olunacaqdır. Bütün bunlar əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.  

Ötən ilin sonlarında ölkə rəhbərinin rayonumuzla bağlı iki mühüm Sərəncam imzaladığını qeyd edən icra başçısı ayrılan vəsait hesabına bu il  rayonun əsas yolu olan 26 kilometrlik Çayoba-Astara magistral avtomobil yolunun asfaltlaşdırılacağını və yolu olmayan Dürriyə və Şümrüd kəndlərinə yeni avtomobil yolunun çəkiləcəyini diqqətə çatdırmışdır.

Cari ilin 07 fevral tarixində ölkəmizdə növbədənkənar Prezident seçkilərinin keçiriləcəyini qeyd edən icra başçısı bu mühüm siyasi kompaniyada bütün vətəndaşları yüksək fəallıq göstərməyə dəvət etmişdir. Bildirmişdir ki, biz fəallığımızla seçki demokratiyasının necə olduğunu dünyaya nümayiş etdirməliyik.  

Sakinlər çıxışlarında müstəqil dövlətimizi bugünkü yüksək inkişafa çatdıran, dünyada sayılıb seçilən dövlətlər sırasına çıxaran, torpaqlarımızı işğalçılardan azad etməklə qalib dövlətə çevirən, vətəndaşlarına yüksək diqqət və qayğı göstərən möhtərəm Prezident İlham Əliyevə minnətdarlıq etmiş, Prezident seçkilərində yalnız Müzəffər Ali Baş Komandana səs verəcəklərini bildirmişlər.   

Sakinlər Sərək kəndində avtobus dayanacağının quraşdırılmasına, Ərçivan-Şuvi avtomobil yolunun təmir edilməsinə, kəndə yüksəksürətli internet şəbəkəsinin çəkilməsinə, məhəllə yolunun təmir edilməsinə və ünvalı sosial yardımın ayrılmasına köməklik göstərilməsini xahiş etmişlər.   

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək, qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Keçidlər