Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Sərək kəndində səyyar qəbul

11 dekabr 2025 | 17:26

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sərək kəndində əhali ilə görüşərək növbəti səyyar qəbul keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, 15 sentyabr tarixində sizinlə bir yerdə yeni inşa edilmiş, ən müasir standartlara cavab verən Sərək kənd tam orta məktəb binasının açılışında iştirak etmişik. Məktəb binasının köhnə olması hər birimizi narahat edirdi. Çünki bu tarixi bir məktəbdir. Burada qəhrəmanlar yetişib. Rayonumuzda olan üç Milli Qəhrəmandan biri olan Yalçın Nəsirov bu məktəbin məzunu olub. Hazırda məktəb onun adını daşıyır. Əslində Azərbaycanın suverenliyi, Vətən torpaqlarının azadlığı uğrunda döyüşən bütün cəsur oğullarımız qəhrəmandırlar. Çünki onlar uzun illər işğalda olan torpaqlarımızı mənfur düşməndən azad edərək bizə bu sevincli günləri bəxş ediblər. İnanıram ki, bu ənənə bundan sonra da davam edəcək. Bu məktəbdə təhsil alan bütün gənclərimiz həm biliyi, həm də vətənpərvərliyi ilə həmişə fərqlənəcəklər. Gənclərimizin nümunəvi yetişməsində müəllimlərimizin və valideynlərin əməyini də yüksək qiymətləndirirəm.

Azərbaycanın bugünkü yüksək inkişafının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, cənab Prezidentimizin uzaqgörən siyasəti ilə uğurla davam etdirilir. Yeri gəlmişkən qeyd edim ki, müasir, müstəqil, suveren Azərbaycanın banisi, Ümummilli Liderimizin anım günü ərəfəsindəyik. Xatırladım ki, müstəqilliyimizin ilk illərində, 1993-1995-ci illərdə dəfələrlə daxili və xarici düşmənlər tərəfindən dövlət çevrilişlərinə cəhdlər edilsə də Heydər Əliyev bütün qəsdlərin, vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını qətiyyətlə aldı. Ölkənin müstəqilliyini qorudu, və inkişaf etdirdi. Təəssüf ki, daxili xəyanətkarların iblis əməllərinin qarşısını alarkən şəhidlərimiz də oldu. Bunlardan biri də elə bu məktəbin yetirməsi Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovdur. Şükürlər olsun ki, indi ölkəmizdə sabitlik və əmin-amanlıqdır. Biz də Heydər Əliyev siyasətinə sadiq qalmaqla cənab Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməli və bu stabilliyi həmişə qorumalıyıq.

Son illər rayonumuzun digər yaşayış məntəqələrində olduğu kimi Şuvi kənd ərazi nümayəndəliyinə daxil olan kəndlərdə də xeyli ababdlıq işləri görülüb. Avtomobil yolları asfaltlaşdırılmış, Şuvi, Sərək, Deqadi, Siyətük kənd məktəbləri üçün müasir tipli binalar tikilmiş, qaz çəkilişi başa çatdırılmış, yeni internet şəbəkəsi yaradılmış, elektrik xətt təsərrüfatında təmir işləri görülmüşdür. Bir neçə il əvvəl bu kəndlərə getməyə əziyyət çəkirdik. Avtomobil yolunun bərbad vəziyyətdə olması hamımızın narahatlığına səbəb olurdu. Amma indi dairəvi asfalt yol salınıb və bu yol bir neçə kəndi birləşdirərək rayon mərkəzinə qədər uzanır. Bütün bu yeniliklərə, quruculuq işlərinə görə möhtərəm cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.

Kənd sakinlərinin işgüzarlığı bizi sevindirir. Yeni sitrus və digər meyvə bağları salınmış, xeyli torpaq əkin dövriyyəsinə qaytarılmışdır. Nümunəvi təsərrüfatların sayının çoxalması həm də əhalinin güzəranının yaxşılaşması, ailə gəlirlərinin artması deməkdir.    

Sakinlər çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini bildirmiş, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, ölkədə və rayonda aparılan çoxsaylı abadlıq- quruculuq işlərinə görə minnətdarlıqlarını bildirmişlər. Onlar Sərək-Deqadi avtomobil yolunun asfaltlaşdırılmasına, Sərək kənd tam orta məktəbinin sökülmüş çəpərinin materiallarının kənd Folklor evinin hasarlanması üçün verilməsinə, əlavə elektrik transformatorunun qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi və işgüzar görüşə görə kənd sakinlərinə minnətdarlıq etmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir. Qeyd etmişdir ki, Sərək-Deqadi avtomobil yolunun əsaslı təmiri və bu yolun üstündə olan körpünün yenidən tikilməsi diqqətimizdədir. İnanıram ki, bu məsələ də yaxın gələcəkdə həllini tapacaq.

Qəbuldan sonra icra başçısı tədrisin gedişi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər