Sərək kəndində yeni məktəb binası istifadəyə verilmişdir
Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikanın hər yerində olduğu kimi Astara rayonunda da məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Yeni dərs ilində Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbi üçün inşa edilən 264 şagird yerlik məktəb binası şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Lənkəran-Astara regional təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, müəllimlər, şagirdlər, kənd ictimaiyyəti iştirak etmişlər. İcra başçısı bildirmişdir ki, müstəqil, suveren dövlətimizdə bütün sahələrə olduğu kimi təhsilə də xüsusi önəm verilir. Cənab Prezidentin rəhbərliyi altında icra olunan Dövlət Proqramlarında prioritet məsələrdən biri kimi təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması məsələsi daim dövlətin diqqətində olmuş, ötən illər ərzində yüzlərlə yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir. Astara rayonunda da son illər xeyli yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Bunlardan biri də bugün açılışına yığışdığımız Sərək kənd tam orta məktəbidir. Bu münasibətlə məktəbin şagird və müəllim kollektivini, valideynləri və bütün kənd ictimaiyyətini təbrik edirəm.
Əvvəllər yararsız vəziyyətə düşmüş, darısqal, köhnə məktəb binasında tədris aparıldığından dərs məşğələlərinin müasir səviyyədə təşkili mümkün deyildi. Səyyar qəbul və görüşlərdə sakinlər kənddə yeni məktəb binasının tikintisinə ehtiyac olması barədə dəfələrlə təklif və arzularını bildirmişdilər. Cənab Prezidentin Sərəncamı ilə qısa müddət ərzində kənddə müasir tipli yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Hər cür inventar və avadanlıqlarla təmin olunan binada şagirdlərin yüksək səviyyədə bilik alması üçün bütün imkanlar vardır.
Bu məktəb həm də Azərbaycanın dövlət suverenliyinin qorunmasında şəhid olmuş Milli Qəhrəmanımız Yalçın Nəsirovun adını daşıyır. İnanıram ki, məktəbin pedaqoji kollektivi, işgüzar müəllimlərimiz müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılan yeni məktəbdə səylərini daha da artıracaq, şagirdlər də elmin sirlərinə yiyələnmək üçün maksimum çalışaraq savadlı, nümunəvi və Yalçın kimi qəhrəman, vətənpərvər gənclər olacaqlar. Bir daha hər birinizi təbrik edir, uğurlar arzulayıram.
Lənkəran-Astara regional təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev və Milli Qəhrəman Yaçın Nəsirovun əmisi Rafiq Muradov çıxış etmişlər.
Ən müasir layihə ilə inşa edilən üç mərtəbəli binada bütün zəruri avadanlıqlarla təchiz olunmuş sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, kitabxana, bufet, akt və idman zalı vardır. Hərbi kabinetin ən yeni təlim avadanlıqları ilə təchiz edilməsi şagirdlərin ilkin hərbi biliklərə yiyələnməsində mühüm rol oynayacaqdır.
Pedaqoji kollektivin, şagird və valideynlərin uzun illərdən bəri arzusunda olduğu məktəb binasının yeni dərs ilinin ilk günündə istifadəyə verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuş, onlar bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmişlər.







