Şəvqo kəndində səyyar qəbul və görüş
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş inzibati ərazi dairəsi üzə nümayəndəliyinin ucqar dağ kəndlərindən olan Şəvqo kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir.
İcra başçısı bildirmişdir ki, ucqar dağlıq ərazidə yerləşən, mürəkkəb relyefə malik bu kənddə ilk görüşdüyümüz vaxtlarda böyük problemlər var idi. Avtomobil yolunun, işığın, məktəbin olmaması əhalini olduqca çoxlu çətinliklə üz-üzə qoymuşdu. Siz bu problemləri qaldıranda həlli yollarını axtarmağa başladıq. Aidiyyəti üzrə müraciətlərdən sonra cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına bu məsələlər kökündən həll olundu. Bundan başqa sürətli internet şəbəkəsinin çəkilməsinə və müraciətinizə əsasən ötən il çay üzərində körpünün qoyulmasına da nail olduq. İndi buraya ilin bütün fəsillərində avtomobillə rahat və təhlükəsiz gəlmək olur. Yaylaq ərazisinə gedən yoldan Diqo şəlaləsinə avtomobil yolunun çəkilməsi isə yeni bir turizm marşrutunun açılması demək idi. Doğrudan da bunlar böyük nailiyyətlərdir. Dağ kəndlərimizin bu günkü inkişafını görəndə adamın ürəyi açılır. Rayonumuzun ən gözəl, mənzərəli yerləri olan bu kəndlər indi turist və xarici qonaqların ən çox ziyarət etdiyi ərazilərdir.
İbtidai təhsili başa vurandan sonra şagirdlərin təhsillərini davam etdirməsi üçün Pəlikəş kənd tam orta məktəbinə gediş-gəlişi məqsədilə avtomobillərin ayrılması isə önəmli məsələlərdən biridir. Bununla şagirdlərin dərsə davamiyyət problemi həll olunmaqla, həm də bir neçə iş yeri yaranmışdır.
Bütün görülən işlər cənab Prezidentin diqqət və qayğısı, sərəncamları ilə ayrılan vəsaitlər hesabına icra olunmuşdur. Kəndin əhalisi qoçaq, zəhmətkeşdir. Bu quruculuq işlərində iştirak etmələrini, yaxından köməklik göstərmələrini təqdirəlayiq hesab edirəm.
İcra başçısı ölkəmizdə həyata keçirilən mühüm qlobal layihələrdən, investisiya qoyuluşlarından danışaraq bunların əhəmiyyətini iştirakçıların nəzərinə çatdırmışdır. Rayonumuzun davamlı inkişafından söhbət açaraq aparılan quruculuq işlərinin əhalinin rahat yaşamasının təmininə xidmət etdiyini bildirmişdir. Rayonun səfalı, mənzərəli kəndlərindən olan Şəvqo kəndinin turizm potensialını nəzərə alaraq inkişafı, sakinlərin problemlərinin həlli üçün bundan sonra da tədbirlərin görüləcəyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Kənd sakinləri çıxış edərək cənab Prezidentin rəhbərliyi ilə əhalinin sosial rifahı naminə ölkəmizdə və rayonumuzda görülən işlərindən danışmışlar. Ucqar ərazidə, mürəkkəb relyefdə yaşadıqlarına görə uzun illər yol, işıq, məktəbin olmamasından çox əziyyət çəkdiklərini söyləyərək bu problemlərin həllinə görə ölkə rəhbərinə sonsuz minnətdarlıq etmişlər.
Görüş iştirakçıları görülən işlərlə yanaşı Şəvqo kəndinə gedən yolun genişləndirilməsinə və yola material tökülməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və məhəlləyə avtomobil yolunun çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli üçün tədbirlər görüləcəyini bildirmişdir.







