Sığaloni kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sığaloni kəndinin əhalisi ilə keçirtdiyi səyyar qəbul və görüşdə idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı nümayəndəliyin hər bir kəndində vaxtaşırı görüşlər keçirtdiyini bildirmiş, qaldırılan problemlərin həlli istiqamətində tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, son illər rayonumuzun bütün yaşayış məntəqələrində olduğu kimi Sığaloni kəndində də müəyyən quruculuq, abadlıq işləri görülmüşdür. Məhəllə yolu asfaltlaşdırılmış, kəndə internet xətti çəkilmişdir. Lakin problemlər də vardır. Bu əsasən kəndə təbii qaz xəttinin çəkilməsi və elektrik xətt təsərrüfatının yenilənməsidir. Məlumat üçün bildirim ki, Sığaloni kəndi də daxil olmaqla nümayəndəliyin bir neçə kəndinin qazlaşdırılması Dövlət Proqramına salınmış, layihələndirilmişdir. Yaxın vaxtlarda çəkilişinə başlanacaqdır. Elektrik xətt təsərrüfütında cari təmir işləri aparılsa da, bu qənaətbəxş deyil. Ona görə də qonşu kəndlərdə olduğu kimi burada da xətlərin SİP kabelləşdirilməsi planlaşdırılır. Kəndin ərazisi sitrusçuluğun inkişafı üçün olduqca əlverişlidir. Dövlətimiz də yeni salınan sitrus bağlarının hər hektarına böyük məbləğdə subsidiya verir. Yaradılan təsərrüfatlardan əhalinin işgüzarlığı hiss olunur. Bu çox yaxşıdır. Amma xaricdən gətirilən yeni məhsuldar sortlarla təsərrüfatlarınızı daha da genişləndirməyə çalışın.
İcra başçısı qeyd etmişdir ki, hazırda bütün dünyanın diqqəti Azərbaycandadır. Burada keçirilən COP29 beynəlxalq tədbirində dünyanın bütün ölkələrindən 80 min nəfərə qədər nümayəndənin iştirakı ölkəmizin dünyadakı müsbət imicinin təzahürüdür. Cənab Prezidentin siyasi uzaqgörənliyi ilə ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuz və gündən-günə artan iqtisadi gücü, inkişafımızı istəməyən bəzi qüvvələri qıcıqlandırır. Onlar ölkəmizin inkişafını ləngitmək, qarışıqlıq salmaq, əmin-amanlığı pozmaq üçün nə qədər iyrənc vasitələrə əl atsalar da, heç nəyə nail ola bilməyəcəklər. Uzun illər erməni işğalında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı ilə quldur erməni terrorçularından təmizlənmişdir. Qalib xalqımız dövlətini, Vətənini və qalib Prezidentini sevən xalqdır. Hazırda düşmənin vəhşicəsinə dağıtdığı, talan etdiyi şəhər, qəsəbə və kəndlərimizin tamamilə yenidən bərpası işləri aparılır. Xalqımız müharibədə olduğu kimi, quruculuq işlərində də birlikdə fəaliyyət göstərir. Bu birliyi, əmin-amanlığı hər zaman qorumalı, cənab Prezidentimizə gördüyü böyük işlərdə ən yüksək səviyyədə dəstəyimizi göstərməliyik.
Kənd sakinləri çıxış edərək son illər respublikamız və rayonumuzda abadlıq-quruculuq sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər kəndə qaz xəttinin çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, kənd ara yollarının təmir olunmasına, odun yanacağıyla təmin edilməsinə, fərdi yaşayış evinə internetin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan müəyyən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həlli istiqamətində tədbirlər müəyyənləşdiriləcəyini diqqətə çatdırmışdır.
İcra başçısı hər yerdə olduğu kimi bu görüşdə də şəhid anası Babayeva Gülxarə Əlihüseyn qızı ilə görüşmüş, qayğı və problemləri ilə maraqlanmışdır.