Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Sipiyəpart kəndində səyyar qəbul

17 oktyabr 2025 | 17:18

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti görüşü Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sipiyəpart kəndində olmuşdur. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.   

İcra başçısı bildirmişdir ki, rayonun digər yaşayış məntəqələrində olduğu kimi Sipiyəpart kəndində də son illər böyük işlər görülmüşdür. Bu istiqamətdə yerləşən kəndlərimizin inkişafı əsasən Deqadi-Pəlikəş avtomobil yolunun asfaltlaşmasından sonra başlanmışdır. Cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına bu yol istifadəyə veriləndən sonra böyük problemlər həllini tapmış, burada yaşayan minlərlə vətəndaşımızın rahatlığı təmin olunmuşdur. Bütün kəndlərdə müasir tipli məktəblər tikilmiş, turizm obyektləri salınmışdır. Yolsuzluqdan əziyyət çəkən insanlar daha qış tədarükünü yay aylarında görmək məcburiyyətində deyillər. İlin bütün fəsillərində hər növ minik avtomobilləri ilə bu kəndlərə rahat gediş-gəliş mümkündür. Yeni yaşayış evləri, iaşə obyektləri inşa edilmiş, əhalinin yaşayış səviyyəsi nəzərəçarpacaq qədər yaxşılaşmışdır. Bu yollar hesabına hər il minlərlə turist bu gözəl məkanları seyr etməyə gəlir. İndi nəinki respublikamızdan, dünyanın müxtəlif ölkələrindən bu kəndlərimizin sorağına gəlirlər. Çünki bu yerlər doğrudan da çox səfalıdır. Rayonumuza gələn turistlər bu mənzərələri görməmiş geri qayıtmırlar. Keçən il Dolu kəndindən Reqlobaya yeni avtomobil yolunun salınmasına nail olduq. Bu yol Pəlikəş və Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri birləşdirməklə həm də yaylaq zonasına əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin edir. Məlum olduğu kimi vətəndaşlarımızın böyük əksəriyyəti yaylaq zonasında həm əkin aparır, həm də ot tədarük edirlər.

Yüksək gərginlikli elektrik xəttinin xeyli hissəsi yenilənmiş, bu iş hazırda davam edir.

İcra başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentin uzaqgörənliyi ilə dövlətimizin qazandığı yüksək nailiyyətlərdən, iqtisadi gücünü artırmaqla müəyyən etdiyi hədəflərə çatmasından danışmışdır. Qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin suverenliyi tam bərpa olunmuşdur. Bu qürurla yaşamaq xalqımızı qurub yaratmağa daha da sövq edir. Qarabağ və Şərqi Zəngəzurda düşmənin vəhşicəsinə taladığı infrastrukturlar sürətlə bərpa olunur. Soydaşlarımız doğma yurdlarına qayıdır. 

İcra başçısı cənab Prezidentin mütərəqqi xarici siyasətindən bəhs edərək xarici dövlətlərə səfərləri zamanı yüksək səviyyədə qarşılanması, qlobal məsələlərdən bəhs edən beynəlxalq tədbirlərdə müzakirə olunan məsələlərə özünəməxsus yanaşması barədə görüş iştirakçılarını məlumatlandırmışdır.  

Sakinlər çıxış edərək cənab Prezidentin ölkəmizin iqtisadi qüdrətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı qətiyyətli addımlardan qürur duyduqlarını  bildirmişlər. Göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, vətəndaşların problemləri ilə mütəmadi maraqlanaraq həllinə göstərdiyi köməkliyə görə icra başçısına təşəkkür etmişlər. Çıxış edənlər məhəllədə dərə üzərində piyada keçidinin qurulmasına, Sipiyəpart kənd tam orta məktəbinin qarşısında sürət həddi üçün nişanların qoyulmasına, Çükəş kəndinə gedən yolun təmir edilməsinə, kənddə bankomatın qoyulmasına, qış tədarükü üçün odun yanacağının verilməsinə köməklik edilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

 

Keçidlər