Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Siyakeş kəndində səyyar qəbul və görüş

03 mart 2023 | 15:13

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dağ kəndi olan Siyakeş kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd  sakinlərini salamlayaraq vaxtaşırı nümayəndəliyin ayrı-ayrı kəndlərində səyyar qəbul və görüş keçirdiyini bildirmiş, verilən təkliflər və qaldırılan problemlərin həlli istiqamətində görülən tədbirləri diqqətə çatdırmışdır. Bildirmişdir ki, daha vacib olanı kəndin mərkəzindən keçən Pensərçayda sahilbərkitmə işlərinin aparılması idi. Güclü yağışlar yağan kimi çayda suyun səviyyəsi qalxaraq ətraf əraziləri basır,  təsərrüfatlara ziyan vururdu. Bu da hamımızı narahat edirdi. Cənab Prezidentin ayırdığı vəsaitlə bu iş artıq həllini tapmışdır. Bundan başqa kəndin yolu asfaltlaşdırılmış, elektrik transformatorunun yeri dəyişdirilmiş, xətt təsərrüfatında cari təmir işləri aparılmışdır. Bundan sonra da təklifləriniz əsasında meydana çıxan problemlərin həlli istiqamətində tədbirlər müəyyən ediləcəkdir.    

Kənd sakinləri çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkədə və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən razılıqla danışmış, kəndə asfalt yolun, təbii qaz xəttinin çəkilişinin, yeni məktəb binasının tikintisinin, fasiləsiz elektrik enerjisi ilə təminatın əhalinin yaşayışını xeyli asanlaşdırdığını bildirərək bu qayğı və diqqətə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə hədsiz məhəbbət və ehtiramlarını bildirmişlər. Sakinlərlə yaşadıqları ərazidə görüşərək problemlərinin həllinə yaxından köməklik etdiyinə görə icra başçısına təşəkkür və minnətdarlıqlarını ifadə etmiş, kəndin elektrik xətt təsərrüfatının SİP kabelləşdirilməsinə, Siyaku kəndinə qəsəbə statusunun verilməsinə, 1 km-lik məhəllə yolunun təmir edilməsinə, kəndə əlavə telefon nömrələri və internetin verilməsinə, həyətlərində olan elektrik dirəyi və naqillərin dəyişdirilməsinə, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı söylənən təkliflər və qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, əvvəlki görüşlərdə qaldırılan məsələlər həllini tapdığı üçün artıq qlobal problemlərdən söhbət açılmadığının ürəkaçan olduğunu bildirmişdir.

Ölkəmiz dünyada siyasi sabitliyi, yüksək iqtisadi göstəriciləri ilə tanınır.   Bütün bu uğurların  ilk növbədə Ulu Öndərimizin siyasi varisi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin ürəkaçan bəhrələri olduğunu qeyd edən icra başçısı, görüş iştirakçılarının diqqətini 44 günlük Vətən müharibəsinə yönəltmişdir. Bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız qısa müddətdə erməni quldurlarını məhv edərək uzun illər işğal altında olan torpaqlarımızı azad etdilər. Hazırda vəhşi düşmən tərəfindən dağıdılmış, talan edilmiş Qarabağ torpağında sürətli bərpa quruculuq işləri aparılır. Tamamilə dağıdılmış infrastrukturlar bərpa edildikcə yurd-yuvasından didərgin salınmış soydaşlarımız doğma məkanlarına dönəcəklər. Bununla yanaşı ölkənin digər regionlarında, o cümlədən  rayonumuzda da quruculuq-abadlıq işləri davam edir. Əhalinin rifahının yaxşılaşmasına xidmət edən bu cür tədbirlər gələcəkdə daha geniş miqyasda davam edəcəkdir.

Azərbaycanın qələbəsini, sürətli inkişafını, beynəlxalq aləmdəki nüfuzunu görmək istəməyən, bundan qıcıqlanan qonşu dövlət İran ölkəmizə qarşı təxribatlarını son dövrlər gücləndirməklə, qarışıqlıq salmaq üçün hər cür vasitəyə əl atır. Erməni terror dövləti ilə birləşən fars-molla rejimi ölkəmizin inkişafını ləngitmək, qarşıya qoyduğu hədəflərə çatmaq üçün müəyyən edilən tədbirlərin qarşısını almaqdan ötrü min oyundan çıxırlar. Amma özlərinin yaratdığı çirkab içində boğulan bu terror dövlətləri nə etsələr də Qalib Lideri ətrafında dəmir yumruq kimi birləşən xalqımızın birliyini, gələcəyə sonsuz inamını heç vaxt sarsıda bilməyəcəklər. Mən hər birinizə bu yolda uğurlar arzulayıram.

İcra başçısı sakinləri qarşıdan gələn Çərşənbə və Novruz bayramı bayramları münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.

Keçidlər