Siyakeş kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyakeş kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, hazırda işlərin qızğın vaxtıdır. Əhali sitrus meyvələrinin yığımı ilə məşğuldur. Verilən məlumata görə bu il bol məhsul vardır. Bu həm də Yaponiya, Türkiyə və digər ölkələrdən gətirilən məhsuldar sitrus tinglərinin əkilməsi, müasir üsullarla yeni sitrus bağlarının salınması və sitrus meyvəçiliyinin inkişafına olan dövlət dəstəyi ilə bağlıdır. Sevindiricidir ki, bu sahə inkişaf edərək ildən-ilə genişlənir.
Sizinlə keçirtdiyimiz səyyar qəbullar həmişə səmərəli olmuş, verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə yadda qalmışdır. Son illər nümayəndəliyin ərazisində böyük işlər görülüb. Yeni müasir tipli məktəb binaları tikilmiş, əsas yollar asfaltlaşdırılmış, qazlaşma aparılmış, sahilbərkitmə işləri, elektrik xətt təsərrüfatında təmir işləri görülmüşdür. Hazırda əsas narahatlıq doğuran məsələ Təngərüdçay çayının Şağlazüzə, Siyakeş istiqamətində daşması nəticəsində yararsız vəziyyətə düşən körpülərin əsaslı təmiri və bərpası, həmçinin, çayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılmasıdır. Digər problem isə istismar müddəti çoxdan bitmiş elektrik xətt təsərrüfütının yenilənməsi və SİP kabelləşmənin aparılmasıdır. Nümayəndəliyin ərazisində bu istiqamətdə işə başlanmış, yaxın gələcəkdə bütün xətt təsərrüfatı yenilənəcəkdir.
Payız-qış mövsümünün başlanması ilə yağan aramsız yağışlar nümayəndəliyin ərazisində müəyyən fəsadlar törətmişdir. Təngərüdçayda sel-suları bir neçə körpünü zədələmiş, bəzilərini tamamilə sıradan çıxartmışdır. Həmin ərazilərdə alternativ yollar salınmış, yeni körpülərin tikilməsi üçün tədbirlər müəyyənləşdirilmişdir. Güclü iqtisadi dayaqlara malik olan dövlətimiz üçün bunlar çox xırda məsələlərdir. Ölkəmiz böyük inkişaf yolundadır. Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdardır. Aparılan quruculuq-abadlıq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.
İcra başçısı qeyd etmişdir ki, ən böyük problem torpaqlarımızın işğaldan azad edilməsi ilə həllini tapmışdır. Xalqımız cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun bizə bəxş etdiyi böyük qələbənin sevincini yaşayır. Hazırda respublikamızda çox böyük qlobal layihələr həyata keçirilir. Əsas diqqət isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastrukturun bərpasına yönəldilmişdir. Yaşayış məntəqələrimiz bərpa olunduqca soydaşlarımız tədricən doğma yurdlarına qayıdır ki, bu da bizi hədsiz sevindirir.
Biz həm də ona görə qürurluyuq ki, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti ilə müstəqil Azərbaycanımızın dünya dövlətləri arasında nüfuzu gündən-günə artır. Dünyanın 200-ə qədər dövlətindən gəlmiş 80 minə qədər nümayəndənin iştirakı ilə keçirilən COP 29 beynəlxalq tədbirinin ölkəmizdə yüksək səviyyədə təşkili dediklərimizə sübutdur. Belə mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi dünya dövlətlərinin Azərbaycana verdiyi yüksək qiymətin nəticəsidir.
Kənd sakinləri çıxış edərək cənab Prezidentin uğurlu daxili və xarici siyasəti ilə ölkəmizin imicinin dünya miqyasında artmasından, işğaldan azad edilən torpaqlarımızda Azərbaycanın Şanlı Bayrağının dalğalanmasından qürur duyduqlarını fəxrlə dilə gətirmiş, eyni zamanda son illər nümayəndəliyin ərazisində aparılan quruculuq-abadlıq işlərindən razılıqlarını bildirərək cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər eyni zamanda Şağlazüzə kənd tam orta məktəbi üçün əlavə korpusun tikilməsinə, Təngərüdçayın kənddən keçən hissəsində sahilbərkitmə işlərinin görülməsinə və sel nəticəsində yararsız vəziyyətə düşmüş körpülərin təmirinə, elektrik xətt təsərrüfatının yenilənməsinə və SİB kabelləşdirilməsinə, fərdi yaşayış evinə internet xəttinin çəkilməsinə, ünvanlı sosial yardım almasına və maddi yardım edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, həlli vaxt tələb edən məsələlər barədə onlara izahatlar verilmiş, digərləri barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
İcra başçısı Təngərüdçay çayında aparılan məcratəmizləmə işlərinin gedişi ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.