Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Siyakeş kəndində səyyar qəbul və görüş

10 iyul 2026 | 11:57

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyakeş kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, sizinlə keçirdiyimiz səyyar qəbullar həmişə səmərəli olmuş, verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə yadda qalmışdır. Son illər nümayəndəliyin ərazisində böyük işlər görülüb. Xeyli avtomobil yolu asfaltlaşdırılmış, qazlaşma aparılmış, sahilbərkitmə işləri, elektrik xətt təsərrüfatında təmir işləri görülmüşdür. Hazırda əsas narahatlıq doğuran məsələ Təngərüdçayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılması və daşqın nəticəsində yararsız vəziyyətə düşən Şağlazüzə körpüsünün bərpasıdır. Sahilbərkitmə işlərinin aparılması üçün artıq iri texnikalar gətirilmiş və işə başlanılmışdır. Siyakeş kəndindən başlanan sahilbərkitmə işləri Pensər, Şiyəkəran istiqamətində davam etməklə Şahağac kəndinə qədər çatdırılacaqdır. Körpünün də layihələndirilməsi aparılmış, ümid edirəm ki, bir ay müddətində tikinti işlərinə başlanılacaqdır. Bu iki böyük problemin həlli ilə bütün narahatlıqlara son qoyulacaqdır.

Digər məsələ istismar müddəti çoxdan bitmiş elektrik xətt təsərrüfütının yenilənməsi və SİP kabelləşmənin başa çatdırılmasıdır. Nümayəndəliyin ərazisində bu istiqamətdə xeyli iş görülmüş, yaxın gələcəkdə bütün xətt təsərrüfatı yenilənəcəkdir.  İl ərzində kənd daxili yolların asfaltlaşdıırılması davam edəcəkdir. Məlumat üçün bildirim ki, bu il Həsın, Rinə kəndlərində, həmçinin rayonun digər yaşayış məntəqələrində yolların asfaltlaşdırılması nəzərdə tutulmuşdur. Rabitə məsələsində heç bir problem qalmayıb. Bütün kəndlər sürətli internetlə təmin olunub.

Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəliyin bəzi kəndləri də daxil olmaqla bir neçə yaşayış məntəqələrimiz meşə və qoruq ərazisinə düşübdür. Bununla əlaqədar müraciət etmişik, gələcəkdə bu problem də həllini tapacaqdır. Bütün bu görülən işlər cənab Prezidentin rəhbərliyi və tapşırığı ilə həyata keçirilir.  Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız görülən işlərə, inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdardır. Aparılan quruculuq-abadlıq işləri əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.

İcra başçısı qeyd etmişdir ki, ən böyük problem torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin suverenliyinin tam bərpa olunması ilə həllini tapmışdır. Xalqımız buna görə çox qürurlu və sevinclidir. Qalib xalqın nümayəndələri kimi fəxr edirik ki, belə qüdrətli dövlətimiz və İlham Əliyev kimi qalib Prezidentimiz vardır.

Kənd sakinləri çıxış edərək cənab Prezidentin rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə işğaldan azad edilən torpaqlarımızda Azərbaycanın Şanlı Bayrağının dalğalanmasından qürur duyduqlarını fəxrlə söyləmiş, düşmənin dağıtdığı şəhər və kəndlərimizin bərpasına sevindiklərini söyləmişlər. Eyni zamanda son illər nümayəndəliyin ərazisində aparılan quruculuq-abadlıq işlərindən razılıqlarını bildirərək Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər həmçinin kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilərək xətt təsərrüfatının yenilənməsinə, Siyakeş-Qəcimardə, Siyaku-Şağlazüzə və məhəllə yollarında yaranmış çalaların təmir edilməsinə, meşə fond torpağına düşən fərdi yaşayış evlərinin sənədləşdirilməsinə  köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinlərin arzu və təkliflərini dinləmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər