Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Siyaku kəndində səyyar qəbul və görüş

18 mart 2026 | 15:24

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kəndində əhali ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, Siyaku kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəlik rayonumuzun ən böyük nümayəndəliyidir. Buna baxmayaraq  ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən, Siyaku kəndində dəfələrlə səyyar qəbullar keçirmişik. Bu görüşlərin nəticəsi həmişə səmərəli olmuşdur. Ona görə də kənddə həllini gözləyən qlobal problemlər demək olar ki, qalmamışdır. Son illər nümayəndəliyin ərazisində çoxlu işlər görülüb.  Müasir tipli yeni məktəb binaları tikilmiş, əsas yollar asfaltlaşdırılmış, qazlaşdırma aparılmış, internet xətti çəkilmiş, çayda sahilbərkitmə işləri aparılmış, suötürücü kanallar təmizlənmiş, bir neçə yeni avtomobil körpüsü salınmış, elektrik xətt təsərrüfatında əsaslı təmir işləri görülmüş, SİP kabelləşmə sona çatdırılmaq üzrədir. Nümayəndəlik ərazisində aqrar sahə inkişaf etmiş, xüsusən, sitrusçuluq xeyli artmışdır. Dövlətimiz aqrar sektorun inkişafına xüsusi önəm verdiyi üçün bu dəstəkdən yararlanmaqla təsərrüfatlarınızı genişləndirməyi tövsiyə edirəm.

İcra başçısı hazırda respublikamızda çox böyük qlobal layihələrin həyata keçirildiyini, xüsusən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastrukturun bərpası istiqamətində sürətli işlərin aparıldığını diqqətə çatdırmışdır.  Ölkəmizin böyük inkişaf yolunda olduğunu qeyd edərək, qonşu dövlətlərdə dəhşətli müharibələr getdiyi halda, uğurlu daxili və xarici siyasəti ilə cənab Prezidentimiz İlham Əliyevin ölkəmizi bu iğtişaşlardan məharətlə  qoruması səylərindən danışmışdır. Xalqımızı sülhə qovuşduran, sabitlik və əmin-amanlıq şəraitində yaşayışı təmin edən möhtərəm cənab Prezidentə iştirakçılar adından minnətdarlıq etmiş, aparılan abadlıq-quruculuq işlərinin əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdıraraq bunun davamlı olacağını söyləmişdir.

Sakinlər çıxış edərək son illər respublikada və rayonda aparılan abadlıq-quruculuq işlərinə, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirtdiyinə görə icra başçısına razılıqlarını bildirmişlər.

Sakinlər Siyaku kəndində təcili tibbi yardım və yanğınsöndürmə məntəqələrinin yaradılmasına, elektrik xətt təsərrüfatının SİP kabelləşməsinin başa çatdırılmasına, məhəllə yolunun asfaltlaşdırılmasına, sahilbərkitmə işlərinin aparılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, qarşıdan gələn bayramlar münasibətilə görüş iştirakçılarını təbrik  edərək xoş arzularını bildirmişdir.

Keçidlər