Şiyəkəran kəndində Pensərçay üzərində yeni inşa edilmiş avtomobil körpüsünün açılışı olmuşdur.
10 may 2024-cü il tarixində, Ulu Öndər Heydər Əliyevin doğum günündə Şiyəkəran kəndində Pensərçay (Təngərüdçay) üzərində yeni inşa edilmiş avtomobil körpüsünün açılışı olmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İllərdir sakinləri narahat edən, əsl problemə çevrilən, Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərindəki körpü qəzalı vəziyyətdə idi. Bu bütün kənd camaatı üçün narahatlıq yaratdığından sakinlər tez-tez icra hakimiyyətinə və yuxarı təşkilatlara müraciətlər edir, sosial şəbəkələrdə və televiziyalarda bu problemi qaldırırdılar. Kənddə yaşayan 6 min nəfərə yaxın əhalinin demək olar ki, hamısının həyatında və fəaliyyətində bu körpü mühüm rol oynayır. Əkin aparılan pay torpaqlarına yol bu körpüdən keçdiyindən əhali təsərrüfat işləri ilə məşğul olmaqda böyük əziyyət çəkir, məktəbli uşaqlarını məktəbə göndərə bilmirdilər.
2023-cü ilin sentyabr ayında yağan intensiv yağışların yaratdığı güclü sel suları nəticəsində körpünün dayaqları daha da zədələnmiş, təhlükəli həddə çatmışdır. Həmin günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yeni körpünün tikintisinə başlanıldı. Qısa müddət ərzində uzunluğu 34 metr, eni 10 metr olan bu möhtəşəm körpü artıq istifadəyə hazırdır. Bu körpünün tikilməsi ilə kəndin ən böyük problemi həllini tapmışdır.
Sakinlər yeni körpünün istifadəyə verilməsini sevinclə qarşılayaraq bu yüksək diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmişlər.
İcra başçısı sakinləri salamlayaraq bildirmişdir ki, bu gün rayonumuzun sakinləri Ulu Öndər Heydər Əliyevin doğum gününü bayram şənlikləri ilə qeyd edirlər. Şiyəkəran kənd camaatı üçün isə bu gün ikiqat bayramdır. Çünki kəndi iki hissəyə ayıran Təngərüdçay üzərində inşa edilən avtomobil körpüsü istifadəyə verilir. Mən bu münasibətlə hər birinizi təbrik edirəm.
Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Azərbaycanımızın bugünkü yüksək inkişaf səviyyəsinə çatması Ulu Öndər siyasətinin təntənəsidir. Heydər Əliyevin respublikaya ilk dəfə rəhbərlik etdiyi illərdə dahiyanə idarəçilik qabiliyyəti və gərgin zəhməti sayəsində ölkəmiz iqtisadiyyatda, elmdə, mədəniyyətdə, təhsildə - həyatın bütün sahələrində mühüm tərəqqi dövrü yaşamışdır. 1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər Birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik etmişdir. Həmin illərdə Heydər Əliyev respublikadan uzaqda olsa da, daim doğma vətənini düşünmüş, onun inkişafı və tərəqqisi üçün əlindən gələni etmişdir.
1990-cı illərdə Azərbaycan Respublikası öz çətin günlərini yaşayanda, müstəqilliyin itirilməsi təhlükəsi yarananda müdrik xalqımız dahi şəxsiyyət Heydər Əliyevə üz tutaraq, Azərbaycan dövlətini yaranmış fəlakətdən qurtarmaq üçün təkidlə xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər, yəni 2003-cü ilədək memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycan dövlətçiliyini, həm də bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərimizin qətiyyətli fəaliyyəti, müdrik siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində siyasi sabitlik təmin edildi, iqtisadiyyatda və digər sahələrdə böhran aradan qaldırıldı, inkişaf mərhələsi başlandı.
Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü müstəqil Azərbaycanımızı yaratmışdır.
Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Müzəffər Ali Baş Komandanımız, Qalib Sərkərdəmiz sayəsində düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunub. Xalqımızın uzun illərin həsrətinə son qoyulub. Bu gün azad Qarabağımızın bütün guşələrində dalğalanan şanlı Azərbaycan Bayrağı bizə qürur verir. Qarabağda, Şərqi Zəngəzurda gedən sürətli tikinti-quruculuq işləri Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi və bu siyasəti çox böyük məharətlə böyük uğura çevirməyi bacaran Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyidir.
Qarabağla yanaşı, respublikamızın bütün bölgələrində, o cümlədən, rayonumuzda da tkinti-quruculuq işləri səngimir. Məktəblər tikilir, yollar asfaltlaşdırılır, müasir turizm obyektləri inşa olunur, elektrik xətt təsərrüfatı yenilənir, bütün yaşayış məntəqələrinə yüksək sürətli internet xətləri çəkilir, eyni zamanda belə gözəl körpülər tikilir. Mən yeni körpünün istifadəyə verilməsi münasibətilə sizi bir daha təbrik edir və bu körpüdən həmişə xoş günlərinizdə istifadə etməyinizi arzulayıram.